Beriyanı Bakıda işə düzəldən müsavatçı, sonda güllənən iki dost – qürbətdə vəfat edən vətən fədaisibackend

Beriyanı Bakıda işə düzəldən müsavatçı, sonda güllənən iki dost – qürbətdə vəfat edən VƏTƏN FƏDAİSİ

100-105 il əvvəl Bakı müxtəlif rənglərdən olan inqilabçıların məskəni olub. Bu küçə və xiyabanlar da daha kimlər dolaşmayıb… Stalin, Mikoyan, Şaumyan, Nərimanov, Vışinski, Orconikidze, Şaumyan, Fioletov, Caparidze, Ağamirov, Şatunovskaya, Beriya, Kaminski, Alliluyev və onlarca başqaları.

Bakı çörəkli və ucqar şəhər olduğu üçün imperiya qaçaqları buraya yığışıblar və Bakının varlı sahibkarlarını, banklarını soymaqla inqilabı maliyyələşdirməyə çalışıblar.

Müxtəlif əqidəyə sahib olan, tamam fərqli dünyagörüşə malik inqilabçılar, siyasi fəallar arasında müəyyən dostluq münasibətləri də olub. Məsələn, Rəsulzadə və Stalinin arasındakı münasibətlərdən çox yazılıb. 1918-ci ilə qədər olan müddətdə, bir dəfə ölüm qarşısında qalan Stalini Rəsulzadə xilas edib, 1920-ci ildən sonra yaranmış situasiyada isə Stalin Rəsulzadəni edamdan qurtarıb.

Eləcə də “26-lar”ın lideri Stepan Şaumyan güllələnməsi qaçılmaz olan keçmiş sinif yoldaşı Behbud xan Cavanşiri  ölümdən xilas edib. Bu hadisədən 6 ay sonra AXC hakimiyyətinin daxili işlər naziri olan Behbud xan ingilislər tərəfindən əsir götürülmüş Şaumyanı xilas etmək istəsə də, gec olub, əvəzində o, Şaumyanın adamını – onun xilas edilməsində rol oynamış Suren Ağamirovu edamdan qurtarıb, ölkədən çıxmasına kömək edib.

Bunlardan başqa, daha iki nəfər də var ki, fərqli cəbhələrdə olsalar da, dostluq, yoldaşlıq münasibətləri olub.

Bunlar sovet dövlərinin rəhbərlərindən biri olmuş Lavrenti Beriya və Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqlarından biri olan, sonradan Müsavat partiyasının ikinci sədri seçilən Mirzəbala Məmmədzadədir.

Lavrenti Beriya

Onlar demək olar ki, həmyaşıd olublar. Beriya 1899-cu ildə Kutaisi quberniyasının Merexuli kəndində doğulub. Mirzəbala Məmmədzadə isə 1898-ci ildə Bakı quberniyasının Zirə kəndində anadan olub.

Onların yolu 1917-ci ildə Bakıda kəsişib. Həmin vaxt Gürcüstandan Bakıya gələn Lavrenti Bakı texniki sənaye məktəbinə daxil olub. O zaman artıq ailəsi ilə birlikdə Zirədən köçüb Çəmbərəkənddə məskunlaşan Mirzəbala da həmin texnikuma girib.

Mirzəbala Məmmədzadə

Beləliklə, onlar qrup yoldaşları olublar. Siyasi baxımdan fəal tələbələr dövrün inqilabi təşkilatları ilə də maraqlanıblar və fərqli ideologiyaların daşıyıcılarına çevriliblər. Beriya rus bolşeviklərinə meyllənib, Mirzəbala isə Müsavat partiyasına qoşulub.

Belə aydın olur ki, onlar fərqli siyasi baxışlara malik olsalar da, aralarında xüsusi dostluq olub və 1918-ci ilin sentyabrından sonra AXC hakimiyyəti fəaliyyətini Bakıda davam etdirəndə Mirzəbala Məmmədzadənin tövsiyəsi ilə Beriya yeni dövlətin əks-kəşfiyyat xidmətində işə götürülüb. Yeri gəlmişkən, Mircəfər Bağırovla Beriyanı məhz Mirzəbala Məmmədzadə tanış edib. Və bu ikili ayrılmaz dostlara çevriliblər. Ancaq sonradan nəyə görəsə Beriya öz ifadəsində Bağırovla 1921-ci ildə tanış olduğunu qeyd edib.

Vaxt gəlib, əks-kəşfiyyatda işləməsi Beriyanın başının qaxıncına çevrilib və 1953-cü ilin iyun ayında Xruşov Beriyanı həbs etdirərkən ona qarşı irəli sürdüyü əsas ittihamlardan biri də vaxtilə “müsavatçı” olması, Müsavat hökumətinin əks-kəşfiyyat xidmətində işləməsi olub.

Beriyanın düşmənləri  onun 1919-20-ci illərdə göstərdyi fəaliyyəti avtobioqrafiyasında göstərmədiyi, gizlətdiyi barədə ittiham irəli sürsə də, əslində elə olmayıb. Beriya Azərbaycan dövlətinin kəşfiyyat zabiti olması faktını heç vaxt gizlətməyib və bundan Stalinin, Mikoyanın, Orconikidzenin, Kaminskinin, Bağırovun və bir çox başqalarının da xəbəri olub.

Lavrenti Beriya Müsavat hökumətinə işləməsini onunla əsaslandırıb ki, Bakıda və Həştərxanda olan kommunistləri, eləcə də 11-ci ordunu informasiyalarla təmin edib, əldə etdiyi məxfi məlumatları onlara göndərib. O, bu fəaliyyətinə Mikoyanı şahid göstərib. Həmin vaxt Bakıda kommunistlərin gizli təşkilatına “26-lar”dan qırılıb-qalmış Anastas Mikoyan rəhbərlik edirmiş.

Beriya 1923-cü il oktyabrın 22-də yazdığı tərcümeyi-halında qeyd edib:

“Türk işğalının ilk günlərində mən Ağ şəhərdə “Xəzər yoldaşlığı” zavodunda kontor işçisi işləyirdim. 1919-cu ilin payızında “Hümmət” partiyasının göndərişi ilə əks-kəşfiyyat xidmətinə daxil oldum, orada yoldaş Musəvi ilə birlikdə işlədim. Təxminən 1920-ci ili martında yoldaş Musəvinin ölümündən sonra əks-kəşfiyyat xidmətindəki işimi tərk etdim və qısa müddət Bakı gömrüyündə işlədim”.

Burada Beriya bir yanlışlığa yol verib. Çünki Mirfəttah Musəvi 1919-cu ilin sentyabrında Bakı restoranlarından birində öldürülüb – Beriyanın göstərdiyi vaxtdan 6 ay əvvəl.

Bu kimi qeyri-dəqiqliklərə və Azərbaycan əks-kəşfiyyatında işləyərkən kommunistlərə məlumat ötürməsi barədə şahidlərinin çox olmamasına baxmayaraq, böyük ehtimalla Beriya gerçəkdən də ikili oynayıb. Hər halda, sonradan, 1937-ci ildə partiyaın plenumunda bu məsələyə bir daha toxunulub. Kaminski plenumun tribunasında Beriyanın Bakıda əks-kəşfiyyatda çalışdığını deyib. Qriqori Kaminski 1920-21-ci illərdə Azərbaycan Kommunist (bolçeviklər) Partiyasının məsul katibi və Bakı Sovetinin sədri vəzifələrində işləyib. Ancaq onun dedikləri stenoqramda qeyd olunmayıb. Xruşov onun çıxışını 1953-cü ilin iyulunda keçirilən plenumda yada salanda Bağırov qeyd edib ki, Bakının arxivində Beriyanın partiya təşkilatının tapşırığı ilə Müsavat kəşfiyyatında işləməsinə dair heç bir iz yoxdur. Ancaq 1954-cü ilin aprelində baş prokuror Rudenko tərəfindən Butırka həbsxanasında dindirilən Bağırov bildirib ki, Beriyanın Azərbaycan kəşfiyyatında işləməsini bilirmiş və bunu elə onun özündən eşidib: “Bəli, bilirdim. 1921-ci ilin fevralında o, mənim Azərbaycan Fövqəladə Komissiyasında (ruscada – ÇK) mavinim olaraq işə gəldiyi günün səhərisi dedi ki, partiyanın tapşırığı ilə burada kəşfiyyatda işləyib”.

Bundan bir il əvvəl Rudenko türmədə Beriyanı dindirərkən o deyib ki, o, kəşfiyyat xidmətinə “Hümmət” sosial-demokrat təşkilatının bolşevik qanadının tapşırığı, şəxsən Mirzə Davud Hüseynovun göstərişi ilə daxil olub və xidmətdə işi vətəndaşların məktubları ilə tanışlıqdan ibarət imiş. Beriya bu işləri İzmaylovun rəhbərliyi altında həyata keçirdiyini deyib. Bağırov isə iyul plenumunda bildirib ki, o zamanlar Mikoyanın xəbəri olmadan partiya tərəfindən kiminsə harasa göndərilməsi mümkün deyildi.

Maraqlıdır ki, 1919-cu ildə Azərbaycan əks-kəşfiyyat xidmətində kommunistlər, müsavatçılar, sosial-demokratlar birlikdə işləyirmişlər, hətta xidmətin rəis müavini “Hümmət”in fəallarından biri olan, gizli şəkildə kommunistlərə işləyən Mirfəttah Musəvi olub.

1920-ci ilin aprelində 11-ci ordu Bakını işğal edəndən sonra Beriya müstəqil Gürcüstan respublikasına gedib və orada həbs olunub. Ona 3 gün ərzində Gürcüstanı tərk etmək şərti qoyulub və yenidən Azərbaycana sürgün edilib.

Bu barədə Olqa Şatunovskayanın memuarında belə qeydlər var: “Beriya Azərbaycanda bir müddət olmadı. Onu həbsxana salmışdılar. Onu təxribatçı kimi tutmuşdular, Bağırov isə onu azad etdi. O vaxt Kirov Tbilisidə daimi nümayəndə idi. O, 11 ordunun qərargahına, Orconikidzeyə teleqram vurmuşdu: “Provokator Beriya qaçıb, həbs edin”.

Bununla belə, Beriya bütün təqiblərdən, təzyiqlərədən qurtula bilib və Azərbaycan FK-sında məsul katib, daha sonra sədr müavini vəzifələrində işləyib, əks-inqilab, möhtəkirlik, banditizm və vəzifə cinayətkarlığı kimi məsələlərə baxıb.

1921-ci ildə Beriya partiya və FK rəhbərliyi tərəfindən öz səlahiyyətini aşmaq və cinayət işlərini saxtalaşdırmaq üstündə kəskin tənqidə məruz qalıb, amma Anastas Mikoyanın onu müdafiə etməsi ilə ciddi cəzadan xilas olub.

Bu dönəmdə o, Bağırovla möhkəm dostlaşıb, hətta Qafqaz partiya təşkilatında onları “Siam əkizləri” adlandırırmışlar. Bağırov Beriya ilə çox yaxın dost olduğunu öz məhkəməsində də qeyd edib. Beriya isə Bağırovla dostluğunu danmayıb, amma deyib ki, bəzən münasibətləri pisləşirmiş, xüsusilə də o, Bağırovla razılaşmayanda və onu hansısa tapşırığı icra etməyə vadar edəndə mübahisələri düşürmüş. 1922-ci ildə isə Bağırovu vəzifədən uzaqlaşdırıblar, onun yerinə müavini Beriya oturub.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 1953-cü ilin avqustunda Bağırov haqqında hazırladığı iki səhifəlik məlumatda bildirilib ki, Beriya Bakıda gizli fəaliyyət göstərən zaman Bağırovun bacısı ilə evlənib. Ancaq bu barədə nə Bağırovun, nə də Beriyanın bioqrafiyasında nə yazılı, nə də şifahi məlumat yoxdur.

Sonra çox hadisələr baş verib. Nəhayət, ayrılmaz dostlardan biri 20 il ərzində SSRİ-nin 3-5 ötkəm liderindən biri, digəri isə o qədər müddət ərzində Azərbaycanın rəhbəri olub. Onların yüksəlişi də, enişi də, demək olar ki, eyni vaxtlara təsadüf edib. Sonda ikisi də güllələnib.

Bu dostların tanışlığının səbəbkarı Mirzəbala Məmmədzadə isə bir neçə il Bakıda gizli Müsavata rəhbərlik edib. Həmin dövrdə Beriya Azərbaycanın baş çekistinin müavini olaraq əks-inqilabçılara, müsavatçılara qarşı mübarizə aparıb. Maraqlıdır, o keçmiş dostunun, onu işə düzəltmiş Mirzəbala Məmmədzadənin fəaliyyətindən xəbərdar olubmu, onu himayə edibmi? Tarix bu haqda susur. Əldə sənədlər yoxdur, amma ehtimallar var.

Daha sonra M.Məmmədzadə İrana gedib, orada mühacirlərin fəaliyyətinə rəhbərlik edib. Bir müddət Təbrizdə yaşayan müsavatçı xadim İstanbula köçüb. İstanbulda Müsavatın fəaliyyəti qadağan olunandan sonra o, Rəsulzadə ilə birlikdə Varşavaya gedib. Sonra onlar yenidən Türkiyəyə qayıdıblar. Rəsuzadənin vəfatından sonra Müsavata 4 il ərzində Mirzəbala Məmmədzadə rəhbərlik edib. O, 1959-cu ildə İstanbulda dünyasını dəyişib.

Mirzəbala Məmmədzadə ömrü boyu təqidlərdə, qürbətdə yaşasa da, öz yoldaşları tərəfindən rüsvaycasına güllələnən Beriyadan da, Bağırovdan da daha şərəfli ömür yaşayıb.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*