“Bir ay müddətində Axtırka uğrunda şiddətli döyüşlər getdi” – Şəhər merindən eksklüziv AÇIQLAMAbackend

“Bir ay müddətində Axtırka uğrunda şiddətli döyüşlər getdi” – Şəhər merindən eksklüziv AÇIQLAMA

“Fevralın 24-də başlayan Rusiya Ukrayna müharibəsində ilk zərbə Ukraynanın Suma vilayətinin Axtırka şəhərinə oldu. 1 ay müddətində Axtırka şəhəri uğrunda şiddətli döyüşlər getdi. Şəhər həm havadan, həm qurudan kütləvi atəşə məruz qaldı. Yalnız 26 mart tarixində USQ birliklərinin kont hücumu nəticəsində Trostyaneç azad edildi və nəticədə rusiya ordusu Ukrayna-Rusiya sərhədi istiqamətində geri çəkilmək məcburiyyətində qaldı. Artıq Axtırkaya qəhraman şəhər statusu verilib”.

Bu fikirləri KONKRET.az-a eksklüziv açıqlamasında şəhər meri Pavel Kuzmenko səsləndirib. O qeyd edib ki, hal-hazırda şəhərdə sakitlik hökm sürur: “Şəhərdə mağazalar fəaliyyətini bərpa edib. Ancaq digər istiqamətlərdə döyüşlər davam edir və bu səbəbdən də tam sakitlik hökm sürmür. Rusiya ordusu aneksiya olunmuş Krımla birbaşa quru əlaqəsinin formalaşdırılması üçün Donbas istiqamətində hücumlarını davam etdirir. Ancaq Ukrayna tərəfi də layiqli cavab verməkdədir”.

Pavel Kuzmenko əlavə edib ki, artıq şəhər rəhbərliyi dağıntıların aradan qaldırılması və şəhərin yenidən bərpa edilməsi istiqamətində plan qurur: “Döyüşlərin davam etməsi fonunda ciddi investisiya layihələrini həyata keçirmək hələ ki, risklidir. Ancaq əsas məsələ növbəti qış mövsümünə istilik sistemini tam bərpa etmək və evlərin pəncərələrini düzəltməkdir”.

Şəhər meri Azərbaycan şirkətlərini Axtırkanın bərpası prosesində görmək istədiyini də vurğulayıb: “Bu gün bizi Azərbaycanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov ziyarət edib. Onunla Axtırkanın bərpası prosesini də müzakirə etdik. Azərbaycanın yeni texnologiyalar sahəsində böyük potensialı var. Xüsusən neft-qaz sahəsində azərbaycanlı dostlarımızı Axtırkada görmək istərdik. Döyüşlər zamanı şəhərdə yerləşən Qaz emalı zavodu dağıdılıb və indi bu müəssisənin bərpa edilməsi vacibdir”.

Müharibənin ilk günündən Azərbaycanın dəstəyini hiss etdiklərini dilə gətirən Axtırka meri, ölkə rəhbərliyinə və Azərbaycan xalqına təşəkkürünü bildirib: “Müharibənin ilk günlərində Azərbaycan rəhbərliyinin Ukraynaya  humanitar yardım göndərdiyi xəbərini oxudum. Bu bizi çox sevindirir. Biz 40 gün ərzində cəmi 200 ton məhsul istifadə etmişik. Dolayısı ilə Azərbaycanın göndərdiyi yardım Axtırka kimi şəhərdə humanitar böhranın olmasının qarşısını aldı. Buna görə də təşəkkürümü bildirirəm”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*