Böyük Britaniya Rusiyanın “Sberbank” və “Moskva Kredit Bankı”nın aktivlərini ABŞ ilə razılaşdırılaraq dondurub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Bəyanatda səbəb kimi Ukraynada mülki şəxslərə qarşı “iyrənc hücumlar”la bağlı xəbərlər göstərilib. Yeni sanksiyalar paketinin Rusiya iqtisadiyyatının əsas sektorlarını vuracağı və Rusiyadan enerji asılılığına son qoyacağı qeyd olunub.
Bildirilib ki, 2022-ci ilin sonuna qədər Böyük Britaniyanın Rusiya kömür və neftindən asılılığına son qoyulacaq. Bundan əlavə, Rusiya üçün mühüm gəlir mənbəyi olan dəmir-polad məmulatlarının idxalına da qadağa qoyulub, sanksiya siyahısına daha 8 oliqarx əlavə edilib. Qeyd edək ki, bugünkü açıqlama ilə sanksiyaya məruz qalan bankların sayı 18-ə, oliqarxların sayı isə 82-yə yüksəlib.
İqbal Rzayev,
KONKRET.az
