Böyük Britaniyanın baş naziri Boris Conson Kiyevə gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Andrey Sibiqa məlumat verib.
“Hazırda Boris Consonun Kiyevə səfəri Prezident Volodimir Zelenski ilə təkbətək görüşlə başlayıb”, – o bildirib.
Sibiqa vurğulayıb ki, Böyük Britaniya Ukraynaya müdafiə dəstəyi, antimüharibə koalisiyasında və Rusiya təcavüzkarına qarşı sanksiyalarda liderdir.
Bundan əvvəl məlum olub ki, Böyük Britaniya Ukraynaya “Mastiff” və ya “Çakal” kimi zirehli texnika göndərmək planı hazırlayır.
Britaniya Müdafiə Nazirliyi “Mastiff” kimi zirehli texnikanın göndərilməsi variantlarını nəzərdən keçirir. Kəşfiyyat və ya uzaq məsafəli patrul kimi istifadə edilə bilən “Çakal” nəqliyyat vasitələrini də göndərmək nəzərdə tutulur.
Bundan əlavə, “The Times” qəzeti mənbəyə istinadən yazıb ki, Britaniya qoşunları təlimlər üçün Ukrayna ilə qonşu olan ölkəyə göndəriləcək.

Xuraman Etibarlı,
KONKRET.az
