Polşadan Ukraynaya silah dəstəyində yeni qərar: Varşava ABŞ-a pul ödəməkdən imtina etdibackend

Polşadan Ukraynaya silah dəstəyində yeni qərar: Varşava ABŞ-a pul ödəməkdən imtina etdi

Polşa ABŞ-dan Ukrayna üçün silah alınmasını maliyyələşdirən proqramda iştirakını dayandırıb. 

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Donald Tusk məlumat verib.

Varşavanın PURL proqramına ödənişləri dayandırmaq qərarını büdcə kəsiri və yüksək müdafiə xərcləri ilə əsaslandıran Tusk bu barədə Dublində keçirilən Avropa İttifaqının qeyri-rəsmi sammitində danışıb. Onun sözlərinə görə, qərar barədə NATO-nun baş katibi Mark Rütte də məlumatlandırılıb.

“Biz Ukraynaya kömək etmişik və bundan sonra da ciddi şəkildə kömək etməyə davam edəcəyik. Lakin maliyyə imkanlarımızı nəzərə alaraq, Polşa əlavə vəsait ayırmayacaq. Çünki müdafiə və təhlükəsizlik xərclərimiz Avropada ən yüksək göstəricilərdən biridir”, – Polşanın baş naziri bildirib.

Tusk eyni zamanda Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılması ilə bağlı Avropada aparılan danışıqlarda Polşanın mühüm rol oynayacağını vurğulayıb. Onun sözlərinə görə, Varşava bu prosesdə “açar rol” oynayacaq.

Xatırladaq ki, PURL (Prioritised Ukraine Requirements List – Ukrayna üçün prioritet tələblər siyahısı) mexanizminin yaradılması barədə NATO-nun baş katibi Mark Rütte və ABŞ prezidenti Donald Tramp 2025-ci ilin iyulunda məlumat vermişdilər.

Bu təşəbbüs Vaşinqtonun Ukraynaya silahları əvəzsiz təqdim etmək siyasətindən imtina etməsindən sonra gündəmə gəlib. Mexanizm çərçivəsində Ukrayna Silahlı Qüvvələri üçün ABŞ istehsalı olan silah və hərbi texnikanın alınmasını Avropa ölkələri və Kanada maliyyələşdirir.

Proqram əsasən Avropada istehsal olunmayan və ya ABŞ tərəfindən daha qısa müddətdə tədarük edilə bilən hərbi məhsulları əhatə edir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*