“Ölkə Prezidentinin sərəncamı ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin nəzarət mexanizmində cərimələrin tətbiqi nəzərdə tutulub”.
KONKRET.az xəbər verir ki, bunu APA-ya Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib. O bildirib ki, bununla bağlı Milli Məclisdə müzakirələr gedib: “Son iclasda cərimələrin tətbiqinin zəruriliyini biz əsaslandırdıq. Monitorinq şöbəsi olaraq biz monitorinqlər aparırdıq, ciddi araşdırmalar gedirdi, ciddi pozuntular aşkarlanırdı, amma yalnız tövsiyə mexanizmi var idi. Bu isə sanki bir rahatlıq, arxayınlıq yaradırdı. Bu, insanın öz peşəsinə olan məsuliyyət məsələsidir. Televiziya aparıcılarının bir qismi nəticə çıxarır, hətta onların adları müəyyən hesabatlarda əks olunur. Dilin lüğət tərkibinin zənginliyindən xəbəri, geniş söz ehtiyatı olmayan aparıcı təbii ki, təkrarlara yol verir. Müxtəlif səviyyələrdə dilin normaları pozulur. Fonetik səviyyə bir problemdir, yəni, düzgün tələffüz qaydaları, vurğunun düzgün qoyulması, intonasiya məsələsini biz həmişə deyirik. Amma bizi narahat edən məsələ, ölkə Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan dilində qarşılığı olan, amma başqa dillərdən yersiz alınmaların istifadəsidir. Əsas pozuntulardan biri də dilin sabit konstruksiya olan sintaktik quruluşunun pozulmasıdır”.
Direktor vurğulayıb ki, sintaktik konstruksiya dilin ən sabit, dəyişməz konstruksiyasıdır: “Təmzimlənən bütün dillərdə bu, belədir. Amma çox təəssüf ki, rus, ingilis dilində düşünən, danışan, bunu artıq peşəkarlıq hesab edən aparıcılarımız Azərbaycan dilinin sintaktik konstruksiyasını pozurlar. Bu, Azərbaycan dilinin saflığının qorunması istiqamətində aparılan bütün tədbirlərə ciddi zərərverən, hətta qarşısında ciddi baryer kimi dayanan məsələdir”.
