Bu günə qədər ələ keçirilən ən çox narkotik maddə Qərbi Afrikanın Fil Dişi Sahilində(Kot-d’İvuar) saxlanılıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyindən verilən açıqlamada liman şəhəri San-Pedroda iki ton narkotikin ələ keçirildiyi bildirilib.
Hadisə ilə bağlı əcnəbilər də daxil olmaqla 9 nəfər həbs edilib.
Bildirilir ki, Fil Dişi Sahilində narkotik ticarəti o qədər də geniş yayılmasa da, ölkənin yerləşdiyi Qərbi Afrikada son vaxtlar yüksək miqdarda narkotik ələ keçirilib.
Qeyd edək ki, Atlantik okeanı ilə həmsərhəd olan bir çox ölkəyə malik Qərbi Afrika dənizə çıxışı sayəsində Latın Amerikasından Avropaya narkotiklərin daşınmasında əsas rol oynayır.
Belə ki, narkotik satıcıları qanuni boşluqlardan və nəzarətdən xilas olmaq üçün regionun kasıb və inkişaf etməmiş sahilyanı ölkələrinə üstünlük verirlər.
Kiçik bir ada ölkəsi olan Kabo-Verde və Qvineya-Bisau narkotik ticarətinin ən yüksək olduğu ölkələr sırasındadır.
Bu marşrut sayəsində narkotik alverçiləri Cənubi Amerikadan birbaşa Avropa və ABŞ-a göndərilən yüklərin yoxlanılmasından yayına bilirlər.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına görə, regionda hər il 40 min ton narkotik daşınır.
İqbal Rzayev,
KONKRET.az
