“Bu problemlərin qarşısını almaq üçün 50 il əvvəlin metodları yetərsizdir” – Sosioloqdan AÇIQLAMAbackend

"Bu problemlərin qarşısını almaq üçün 50 il əvvəlin metodları yetərsizdir" - Sosioloqdan AÇIQLAMA

Bu günlərdə Qəbələdə yaşanan dəhşətli qətl cəmiyyətdə ajiotaja səbəb oldu. Xatırlatma verək ki, Qəbələ rayonunda gənc qadının hissələrə ayrılmış meyiti tapılıb. Belə ki, məişət tullantılarının atıldığı qutudan əvvəlcə qadın əli, daha sonra sellofan torbalara yığılaraq atılmış meyitin digər hissələri aşkarlanıb.Təəssüf ki, son dövrlərdə belə dəhşətli cinayət faktlarının ardı-arası kəsilmir. İnsanlar artıq xüsusi amansızlıqla cinayət işləməkdən çəkinmir.

Bəs görəsən insanlar niyə belə qəddarlaşıb? Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

 

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını sosioloq Əhməd Qəşəmoğlu cavablandırıb.

O bildirib ki, sosial problemlərin həllinə yeni yanaşmalar tətbiq edilməlidir:

“20 ildir sosioloqlar bu problemlərlə bağlı müxtəlif çağırışlar edir. Lakin səsimizi eşidən yoxdur. Hər bir cəmiyyətin özünəməxsus qayda-qanunu var. İndiki dövrdə cəmiyyət getdikcə mürəkkəbləşir və daha da həssaslaşır. Bu cəmiyyət yeni idarəetmə üsulu tələb edir. Təəssüf ki, indi bizim cəmiyyətimizdə yaşanan problemlərin qarşını 50 il bundan öncə tətbiq edilən metodlarla almaq istəyirlər. Lakin bu, mümkün deyil. Yeni yanaşmaların tətbiqi vacibdir. Bunun əsasında isə elm dayanır”.

Sosioloq bildirib ki, insanların cinayətə meyllənməsinin əsas səbəblərindən biri də məişət problemləridir:

“Qondarma yox, həqiqi elmi mərkəzlər olmalıdır. Bu elmi mərkəzlər ciddi araşdırmalar aparmalı, maarifləndirmə işini təşkil etməlidir. Humanitar siyasətimizdə belə məsələlər mütləq nəzərə alınmalıdır. Tez-tez boşanmaların sayının artdığından şikayət edilir. Lakin problemlərin həllinə yanaşmalar normal deyil. Ona görə də, boşanma sayı artır. Yaxud bir qadın evdə nədənsə şikayət edəndə, kişi əsəbləşib, dava edib arvadını döyür. Davaların axırında isə kişi arvadını bıçaqlayıb öldürür. Bu cinayəti müxtəlif ağır formalarda tətbiq edənlər də var. Sosial problemlər artıq insanların səbr kasasını daşırıb. Ona görə də, humanitar sosial siyasətimizə yenidən baxmalıyıq. Əgər bu olmazsa, cəmiyyətimizdə neqativ halların sayının ardı-arası kəsilməyəcək”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*