Azərbaycanda pandemiya səbəbindən tətbiq edilən bir çox məhdudiyyətlər aradan qaldırıldı. Yumşalmaların olması insanlar tərəfindən də sevinclə qarşılandı. Artıq tədricən normal həyata geri döndüyümüzü deyə bilərik. Ancaq yumşalmalar fonunda hələ də quru sərhədlərinin açılmaması insanlar tərəfindən birmənalı qarşılanmır.
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, ən azından Novruz bayramından sonra quru sərhədlərinin açılması mümkündür: “Gürcüstanla quru sərhədini açmaq olardı. Sadəcə bir ölkə ilə sərhədi açıb, digərləri ilə bağlı saxlamaq Azərbaycanın yumşalmalar istiqamətində atdığı addımlar baxımından ciddi problemlər yarada bilərdi. Rusiya ilə sərhədin açılmaması bəlkə də təhlükəsizlik məsələləri ilə bağlıdır və ya başqa səbəbləri də ola bilər. Düşünürəm ki, bu dəfə sərhədlərin açılması ilə bağlı qərarın verilməməsinin səbəbi bəzi təhlükəsizlik tədbirləri ilə əlaqədardır. Amma hesab edirəm ki, Novruz bayramından sonra sərhədləri bağlı saxlamağın mənası yoxdur. Çünki bütün ölkələr demək olar ki, quru sərhədlərini açıblar. Qonşu ölkələrdə də bununla bağlı heç bir məhdudiyyət yoxdur. Ona görə də, bu istiqamətdə düşünmək lazımdır”.

Natiq Cəfərli əlavə edib ki, yaxın günlərdə digər bir məsələ də müzakirə oluna bilər: “Rusiyaya uçuşlar dayandırıldı. Amma orada bizim yüzminlərlə soydaşımız var. Onların Novruz bayramında öz vətənlərinə gəlməsi və ailələri ilə görüşməsi məsələsi gündəmdir. Əgər hava məkanı bağlıdırsa və təyyarələr uçmursa, ən azından quru sərhədlərindən istifadə üçün müəyyən “koridorlar” yaradılmalıdır. Bununla bağlı qərarlar olmalıdır. Ən azındn Azərbaycan pasportu olanların ölkəyə maneəsiz gəlməsi üçün şərait yaratmaq lazımdır. Çünki bir müddətdən sonra bu məsələ ən böyük problemlərdən birinə çevriləcək. Təyyarələr uçmursa, quru sərhədlərinin açılmasına ciddi bir ehtiyac yaranacaq”.
Müşviq Tofiqoğlu
KONKRET.az
