Xəbər verdiyimiz kimi, dünən və bu gün Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən fasilələrlə atəşə məruz qalıb. Ordumuzun Füzuli, Xocavənd, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən atəşə tutulub. Bir sözlə erməni silahlı dəstələrinin son günlər aktivləşdiyini və ərazilərimizi intensiv atəşə tutduğunu müşahidə edirik. Həmçinin, Ermənistanda ehtiyatda olan hərbçilər təlim-məşq toplanışına çağırılırlar.
Bəs Bütün bunlar nədən xəbər verir? Ermənilər Rusiyanın başının müharibəyə qarışmasından istifadə edərək nəyə nail olmağa çalışır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Abuzər Əbilov bildirib ki, separatçı qüvvələr təhülkə mənbəyi olaraq qalır: “Yaxın zamanlarda mövqelərimizin atəşə tutulması əslində gözlənilirdi. Çünki Qarabağdakı separatçı qüvvələr hər zaman təhlükə mənbəyidir. Son günlər Ermənistan ordusunun Dağlıq Qarabağda qalan silahlı dəstələri Azərbaycan ordusunun yerləşdiyi əraziləri və yaşayış məntəqələrini atəşə tutub. Bütün bunları Rusiya-Ukrayna məsələlərinə bağlamaq düzgün deyil. Çünki Vətən müharibəsindən sonra da zaman-zaman ermənilər belə təxribatlara cəhd edib. Anti-terror əməliyyatı aparılmayana və bu quldurlar ərazilərimizdən çıxarılmayana qədər belə hallar davam edəcək. Bunu danışıqlar və ya razılaşma yolu ilə heç cür həll etmək mümkün deyil. Çünki ərazidə başı pozuq və heç kimə tabe olmayan silahlı dəstə var”.

Ekspert bildirib ki, Azərbaycan dərhal anti-terror əməliyyatına başlamalıdır: “Onlar Ermənsitan silahlı qüvvələrinin hərbçiləridir. Ermənistanın Müdafiə Nazirliyində baş verən dəyişikliklər və oradakı insanların bu və ya digər formada partiya axınlarına qoşulması fonunda bu silahlı qüvvələr artıq nəzarətdən çıxıb. Bütün bunlara son qoymaq üçün Azərbaycan anti-terror əməliyyatları aparmalıdır. Düzdür, o ərazidə sülhmərmalılar bərqərar olunub. Lakin sülhməramlılar öz funksiyalarını yerinə yetirmirlər. Onların fəaliyyəti göz qabağındadır. Hesab edirəm ki, məsələnin həlli üçün konkret addımların atılması vacibdir”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
