“Çin hakimiyyəti ABŞ-la qarşıdurmadan qorxmur, lakin rəsmi Pekin qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığa hazırdır”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq Yi bildirib:
“Biz qarşıdurmadan qorxmuruq, lakin həmişə qarşılıqlı fəaliyyətə çalışacağıq. Əməkdaşlıq hər iki tərəf üçün faydalıdır. Düşmənçilik həm Çinə, həm də ABŞ-a zərər verəcək” – Vanq Yi deyib.
Nazirin sözlərinə görə, ÇXR dialoqa hazırdır, lakin nəticə bərabərhüquqlu və qarşılıqlı faydalı olmalıdır:
“Ümid edirəm ki, Amerika tərəfi iki dövlətin liderləri arasında əldə olunan konsensusa uyğun hərəkət edəcək və verdiyi vədləri yerinə yetirəcək” – nazir əlavə edib.
Xatırladaq ki, noyabrın 16-da ABŞ prezidenti Co Bayden və Çin lideri Si Cinpin geniş spektrli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün onlayn görüş keçiriblər. Məsləhətləşmələrdən sonra iki ölkə liderləri bir sıra problemlər üzrə konsensus əldə ediblər və təmasları gücləndirməyə qarşılıqlı hazır olduqlarını bildiriblər.
Müşviq Tofiqoğlu
KONKRET.az
