Koronavirusun “vətən”i hesab edilən Çində vəziyyət yenidən gərginləşib. Belə ki, aprelin 3-də Çində COVID-19-a 13 min yoluxma halı qeydə alınıb. Kronavirusun “Omikron” ştamının yayılmasının qarşısını almaq üçün Şanxay şəhərinə 10 mindən çox tibb işçisi, o cümlədən 2 min hərbçi göndərilib. Şəhərdə 2 həftədir qapanma qüvvədədir.
Bəs görəsən yoluxma sayı həqiqətən artır, yoxsa sərt karantin rejimi kimlərinsə maraqlarına xidmət edir? Azərbaycan yenidən sərt karantin rejiminə qayıda bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a danışan tibb üzrə ekspert, həkim Şəmsiyə Namazlı bildirib ki, Çin əhalisinin böyük qismi o virusu artıq keçirib və immun sistemi formalaşıb: “Əksər ölkələrin əhalisi vaksin olunub. Bu mənada iki il öncə ilə indiki vəziyyəti müqayisə etmək doğru deyil. Pandemiyanın ilkin dövründə şərtlər daha ağır idi. Həmin vaxt yoluxma sürətlə artırdı və ölüm halları kütləviləşmişdi. Bir çox insanlar düzgün qaydada müalicə edilmədi. İndi həmin halların təkrarlanması gözlənilmir. Ola bilsin ki, yolxuma sayının artmasında kimlərinsə marağı var. Lakin iki il əvvəl virus haqqında tib işçilərinin heç bir məlumatı yox idi. Xəstələrə tam və əhaətli məlumat verə bilmirdik. Amma indi həkimlərin kifayət qədər təcrübəsi mövcuddur. Yoluxan şəxslər müalicə edilərək sağlır. Yəni indi yoluxma sayı artsa belə əvvəlki qədər risk daşımır”.

Həkimin sözlərinə görə, bəzi məhdudiyyətlər tətbiq oluna bilər: “Yenidən sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı hələlik nə isə demək olmaz. Təbii ki, əgər yoluxma sayı təhülkəli həddə qalxarsa bəzi məhdudiyyətlər tətbiq oluna bilər. Amma Azərbaycanda yoluxma sayı minimum həddə düşüb. Bəzi günlərdə ümumiyyətlə ölüm halları qeydə alınmır. Koronavirusa yoluxan şəxslərin çoxu xəstəliyi ev şəraitində və yüngül keçirir. Əhalimizin sayı çox deyil. İnsanların çoxu vaksin olunub və ya xəstəliyi keçirib. Hesab edirəm ki, COVID-19-un yeni ştammı gəlməzsə ciddi problem yaranmayacaq”.
Şəbnəm Mehdizadə,
KONKRET.az

Koronavirusla qarşı mübarizə tədbirləri xəstəliyin özündən daha qorxuludur.