Dahi akademik haqqında 5 FAKT: Alimlər haqqında yaranan məlumatlar əslində mif imişbackend

Dahi akademik haqqında 5 FAKT: Alimlər haqqında yaranan məlumatlar əslində mif imiş

Biz dahiləri adətən “sığallanmış”, qüsursuz və parlaq obrazda görməyə alışmışıq. Sanki onlar da adi insanlar olmayıb, heç vaxt əsəbiləşməyib, səhv etməyib, hisslərə qapılmayıblar.

Amma Mixail Lomonosov canlı insan idi – coşqun xarakteri, güclü ehtirasları, bəzən isə yumruqları ilə…

Onun həyatının çox vaxt kölgədə qalan tərəfləri isə belədir:

1. O, sadə kəndli olmayıb

Savadı olmayan bir kəndlinin piyada Moskvaya, oradan isə Peterburqa getməsi barədə məşhur əhvalat daha çox mifdir.

Lomonosovun atası Vasili Dorofeyeviç balıqçı artelinin rəhbəri idi. O, imkanlı və hörmətli bir insan sayılırdı və kilsə nəzdində təhsil almışdı. Anası isə diakonun qızı idi. Məhz o, kiçik yaşlarından Mixailoya oxuyub-yazmağı öyrətmişdi. Ailənin evində kifayət qədər zəngin kitabxana da vardı.

2. Nişan məsələsinə görə evdən qaçdı

Mixailo 19 yaşında olarkən atasının üçüncü arvadı ilə birlikdə yaşayırdı. Lakin onunla münasibətləri heç də yaxşı deyildi.

Atası isə “tənbəl və avara oğlunu” evləndirmək qərarına gəlmiş və onun üçün özü münasib qız seçmişdi.

Lomonosov isə bu evliliyə qəti şəkildə qarşı çıxdı və nəticədə evdən qaçdı.

3. “Moskvaya piyada getməsi” XVIII əsrin avtostopu idi

Əlbəttə, Lomonosov Moskvaya bütün yolu ayaqyalın getməyib.

O, Moskvaya təxminən üç həftəyə çatmışdı. Yolun müəyyən hissəsini piyada getsə də, əsasən yoldan keçən karvanlara qoşulurdu.

Başqa sözlə, bu, XVIII əsrin “avtostopu” idi.

4. Üç dənizçiyə təkbaşına qarşı çıxdı

Rəsmlərdə Lomonosov adətən sakit, kök və heç bir kəsə zərər verməyəcək mehriban bir alim kimi təsvir edilir.

Əslində isə onun xasiyyəti olduqca coşqun idi.

Bir dəfə Vasilyevski adasında üç dənizçi onun üstünə hücum edir. Lomonosov onlardan ikisini qaçmağa məcbur edir, üçüncüsünü isə yaxalayır.

Dənizçiyə belə deyir:

“Məni soymaq istəyirdiniz? İndi özüm səni soyaram!”

5. Elmlər Akademiyasında qalmaqal yaratdı

1743-cü ildə Lomonosov Sankt-Peterburq Elmlər Akademiyasının binasında sərxoş vəziyyətdə böyük qalmaqal törədib və nəticədə altı ay müddətinə həbs edilib.

Amma onun narazılığının müəyyən səbəbləri də vardı. Lomonosov hesab edirdi ki, bəzi akademiklər elmlə məşğul olmaq əvəzinə sadəcə elmlə məşğulmuş kimi görünür və maaş alırlar.

O, tənbəlliyə nifrət edirdi. Bu fikrini belə ifadə etmişdi:

“Tənbəl insan hərəkətsiz bataqlıq suyuna bənzəyir.”

Belə idi Mixail Lomonosov – Rusiyada ilk universitetin yaradıcılarından biri, Veneranın atmosferini kəşf edən və maddənin qorunması qanununu formalaşdıran böyük alim.

Dahi olmaq isə onun insan olmaqdan çıxdığı anlamına gəlmirdi. Əksinə, Lomonosovun həyatında dahiliklə yanaşı, qəzəb, ehtiras, inad və zəifliklər də vardı. Bəlkə də məhz buna görə onun obrazı əsrlər keçsə də, bu qədər canlı qalır.

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*