backend

Diqqət edin, "Cənab Paşinyan yox, sadəcə Nikol..."

Dünən çoxdan yaşamadığım bir sevinci yaşadım. Milyonlarla azərbaycanlı kimi bu sevinci mənə yaşatdığına görə bəri başdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm.

Söhbət dövlətimizin başçısının  Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitindəki çıxışından və erməni baş nazir Nikol Paşinyana verdiyi layiqli cavabdan gedir. Əvvala onu deyim ki, Prezident İlham Əliyevin çıxışı qısa və lakonik olmaqla yanaşı həm də çox cəsarətli idi. Və bir neçə dəfə baxdığım çıxış bir məşhur aforizmi yadıma saldı: “Böyük dövlətlərin böyük, kiçik dövlətlərin müdrik siyasəti olanda həmin dövlətlər qazanır”. Dövlətimizin başçısı bir daha xatırlatdı ki, “…Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Ticarətimizin təqribən 50 faizi üzv dövlətlərin payına düşür. On beş ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Yaxın zamanda biz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayacağıq… Cənub Qaz Dəhlizi enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir…”

Yəni balaca Azərbaycan Böyük Avropa üçün sıradan bir dövlət deyil. Ən azı Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rola görə Qərb dövlətləri və ABŞ Azərbaycana borcludur. Azərbaycanin isə bu borcun əvəzində Avropadan və ABŞ-dan gözlədiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə köməklik göstərə biləcək  obyektiv və ədalətli mövqedir.

“Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir”.

Bu isə o demək idi ki, Avropa və ABŞ nəhayət ki, hərəkətə keçməli, təcavüzkar Ermənistana layiq olduğu yeri göstərməli, hüquqları tapdalanan bir milyon azərbaycanlının səsinə səs verməlidir. Yəni “Dost dosda tən gərək…”

Təbii ki, Azərbaycan Prezidentinin bu mesajı erməni baş nazirini narahat etməyə bilməzdi. Belə də oldu. Nikol həyəcandan harda olduğunu belə unutdu. Ermənicə qırıldamağa başladı. Bunu görən tədbirin moderatoru Şarl Mişel məsələyə müdaxilə etdi: “Nikol, bizə tərcümə gəlmir”…

Diqqət edin! Cənab Paşinyan yox, sadəcə Nikol… Bu isə erməni tərbiyəsizliyinin Avropalı təpkisi idi. Kiçik olsa da…. Və aydın olur ki, Paşinyan yenə erməni xislətini göstərir. Azərbaycan Prezidentinin dünya dövlətlərinin liderlərinə ünvanladığı mesajını diqqətlərdən yayındırmaq üçün  mövzunu dəyişmək istəyir. Özü də müzakirə olunan məsələlərə dəxli olmayan bir məsələ ilə. “…Avropa İnsan Hüquqları Məhkəməsi qərar verib ki, Azərbaycan öz ərazisində ermənilərə qarşı irqçı siyasət həyata keçirib. Ermənini yatarkən balta ilə qətlə yetirmiş və Avropa İttifaqına üzv dövlətin məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan vətəndaşı həmin ölkədən ekstradisiya ediləndən sonra cənab Əliyev tərəfindən əfv olunmuşdur. Bu şəxs Azərbaycanda hər kəs tərəfindən qəhrəman kimi vəsf edilir…”

Erməni baş nazirinin sərsəmləmələrinə isə Azərbaycan Prezidentinin verdiyi kəsərli cavab isə yəqin ki, təkcə azərbaycanlıları deyil bütün videokonfrans iştirakçılarının ürəyincə oldu. İlham Əliyev qətiyyətlə bildirdi. “Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim. Burada çıxışımı yekunlaşdırıram…”

Xatırladaq ki, Dövlət başçısının haqqında danışdığı hadisə 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında baş vermişdi. ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın başçılığı altında həyata keçirilən, Türk Hava Yollarının kassası qarşısında törədilən qanlı terror aktında həlak olan 8 nəfərdən 2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i isə İsveç vətəndaşı idi. Terror zamanı 55 nəfər də yaralanmışdı. Karapetyan istintaqa ifadəsində hadisəni törətdiyini boynuna alaraq, əslində, əsas məqsədin bombanı təyyarənin içində partlatmaq olduğunu etiraf etmişdi. Törətdiyi cinayətə görə Fransa məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya olunur. Burada qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın o vaxtkı baş naziri Andranik Marqaryan tərəfindən qəbul edilir, mənzil və işlə təmin olunur…

Paşinyanın maska ilə son çıxışı və davranışı növbəti dəfə onu beynəlxalq aləmdə gülüş obyektinə çevirdi. Çünki virtual ünsiyyətdə koronovirusun kimlərəsə yoluxma ehtimalı olmadığı halda Paşinyanın maska taxması düşüncəsizlikdən başqa bir şey deyil. Mətləbə dəxli olmayan müdaxilə  isə ən azı tərbiyəsizlikdir.  Təsadüfi deyil ki, artıq beynəlxalq aləmdə Paşinyanın son hərəkəti  ciddi şəkildə tənqid olunur. Rusiyalı politoloq, “PolitRUS” ekspert və analitik şəbəkəsinin rəhbəri Vitali Arkov haqlı olaraq deyir ki, ” Spikerə və sammitin bütün iştirakçılarına hörmətsizlik göstərərək, Ermənistanın Baş naziri Nikol Paşinyan İlham Əliyevə müdaxilə etməyə çalışdı, lakin onun bu fikri Azərbaycan liderinin inandırıcı arqumentləri ilə dərhal parçalandı və davam etdirilən erməni təbliğatının daha bir saxtalığı ortaya çıxdı. Çaşqınlıq içində olan Paşinyan artıq heç nə deyə bilmədi və kamera qarşısında yazıqlaşdı”.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*