Ölkədə inflyasiya, qlobal enerji bazarlarındakı dalğalanmalar və kommunal xidmətlərin maya dəyəri ətrafında müzakirələr fonunda əhalini düşündürən əsas məsələlərdən biri də elektrik enerjisi, təbii qaz, su və digər kommunal xidmətlərin tariflərinin yenidən artırılıb-artırılmayacağıdır. Xüsusilə son illərdə müxtəlif sahələrdə qiymət dəyişikliklərinin baş verməsi bu ehtimalları daha da gücləndirib.
Bəs mövcud iqtisadi şərait kommunal tariflərin bahalaşmasını zəruri edirmi, yoxsa ilin sonuna qədər qiymətlər sabit qalacaq?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, hazırkı şəraitdə elektrik enerjisi və təbii qaz tariflərinin artırılması üçün iqtisadi zərurət yoxdur.
Razi Abbasbəyli
Onun sözlərinə görə, Azərbaycan həm daxili tələbatı tam ödəyir, həm də elektrik enerjisini xarici bazarlara ixrac edir:
“Hazırda ölkədə elektrik enerjisi istehsalı istehlakdan daha çoxdur. Azərbaycan nəinki daxili tələbatını tam qarşılayır, eyni zamanda elektrik enerjisinin ixracını da həyata keçirir. Bu baxımdan enerji tariflərinin artırılması üçün hər hansı iqtisadi əsas görünmür.”
İqtisadçı qeyd edib ki, son beş ildə ölkənin enerji infrastrukturunun inkişafına böyük həcmdə investisiya yatırılıb:
“Elektrik enerjisi təminatı ilə bağlı son beş ildə 4 milyard manatdan çox yerli, təxminən 1,5 milyard manat həcmində isə xarici investisiya cəlb olunub. Hazırda ölkənin böyük hissəsi fasiləsiz elektrik enerjisi və təbii qazla təmin edilir. Bu sahədə əsas infrastruktur artıq formalaşıb və yeni iri investisiyalara ciddi ehtiyac yoxdur.”
R.Abbasbəylinin sözlərinə görə, istehsalın maya dəyərində ciddi artım müşahidə olunmadığı üçün bunun satış tariflərinə də təsiri gözlənilmir:
“Elektrik enerjisi və təbii qaz sahəsində infrastruktur artıq qurulduğundan əlavə böyük xərclər tələb olunmur. Maya dəyəri artmadığı üçün tariflərin yüksəldilməsinə də ehtiyac yoxdur.”
İqtisadçı əlavə edib ki, içməli su təchizatı sahəsində vəziyyət bir qədər fərqlidir:
“İçməli su təminatı ilə bağlı yeni meqalayihələr həyata keçirilər və bu istiqamətdə iri investisiyalar yatırılarsa, həmin layihələrin başa çatmasından sonra tariflərə yenidən baxılması mümkündür. Lakin hazırda elektrik enerjisi, təbii qaz və içməli su tariflərinin artırılması üçün iqtisadi zərurət görmürəm.”
Razi Abbasbəyli hesab edir ki, gələcəkdə qiymət artımından daha çox tarif mexanizminin dəyişdirilməsi gündəmə gələ bilər:
“Dövlət tarif siyasəti ilə bağlı fərqli qərarlar qəbul edəcək. Uzun müddətdir müzakirə olunan abunəlik modeli Avropa ölkələrində tətbiq olunur və Azərbaycanda da tətbiqi mümkündür. Belə sistemdə vətəndaş istifadə etmədiyi dövrlərdə belə müəyyən abunə haqqı ödəməklə xidmətə çıxışını qoruyub saxlaya bilər. Bu isə qiymət artımı deyil, tarif sisteminin dəyişməsi və fərdi yanaşmanın tətbiqi deməkdir.”
İqtisadçı vurğulayıb ki, mövcud şəraitdə kommunal xidmətlər üzrə tariflərin artırılması üçün hər hansı obyektiv iqtisadi zərurət yoxdur. Onun fikrincə, gələcəkdə mümkün dəyişikliklər qiymət artımından çox, tariflərin tətbiq mexanizminin yenilənməsi ilə bağlı ola bilər.
Aynurə İsmayıl
KONKRET.az
