Bir müddət əvvəl Rusiya Böyük Mason Lojasının səhifəsində Bakıda Azərbaycan Böyük Mason Lojasının Məclisinin keçirilməsi barədə məlumat yayıldı.
İddia olunurdu ki, dünyanın müxtəlif ölkələrindən olan loja üzvləri iyunun 28-də Azərbaycanda toplaşıb. Lakin məxfi keçirilmiş iclasda müzakirə edilmiş məsələlər barədə məlumat verilməyib.
Bəs, massonlar kimdir və onların görüşləri niyə bir qayda olaraq gizli keçirilir?
Politoloq Cümşüd Nuriyev KONKRET.az-a açıqlamasında masonların XVII əsrdə İngiltərədə formalaşmağa başladığını deyib:
“Bunu yəhudilərlə bağlayırlar, əslində isə mason lojalarını anqlo-sakslar formalaşırıb. Məsələn, Amerikada 1761-1765-ci illərdə şimalla cənub arasında müharibələr olub. Bundan sonra 13 ştat bir araya gələrək ABŞ dövlətini qurublar. Bu dövləti quranlar da masonlar idi. Fikir versəniz görəcəksiniz ki, dolların arxasında Davud üçbucaqlarının, yaxud İsrailin bayrağındakı gerb kimi qəbul olunan iki düzbucaqlı üçbucaq təsvir olunub. Onun kənarlarına baxsaq, görərik ki, orada “mason” yazılıb. “Mason” bənna deməkdir. Onların əsas işi quruculuqdur. 1813-cü ildən 1913-cü ilə qədər onlar ABŞ-də bank sistemini ələ keçirməyə çalışdılar və buna nail oldular. Bilirsiniz ki, o zamana qədər əsas dəyər, ölçü vasitəsi qızıl və gümüş idi. Masonlar isə dəyər ölçüsünü dollarla əvəz etməyə çalışırdılar. Sonda onlar öz istəklərinə nail oldular. Maraqlıdır ki, o zaman 13 bank birləşdi. Bu gün də ABŞ-nin pul-kredit siyasəti Federal Ehtiyat Sistemi başda olmaqla həmin banklar vasitəsilə həyata keçirilir”.
Müsahibimiz ABŞ dolları ilə bağlı daha bir məqama diqqət yetirməyin vacibliyini vurğulayıb:
“1971-ci ilə qədər dolların arxasında qızıl dayanırdı. İndi belə deyil. Bununla belə, hazırda bütün dünyanı dolayısı ilə FED idarə edir. Bunu da anqlo-sakslar fikirləşiblər. Bu uğurların başında vaxtilə Almaniyadan Amerikaya gələn Rotşild və Rokfellərin ulu babalarının siyasəti durur. İndi də bu uğurlu siyasət davam edir. Hazırda FED masonların əlindədir.
2008-ci ildə belə bir məlumat yayıldı ki, FED-in auditi zamanı müəyyən edilib ki, dövriyyəyə buraxılan 13 trilyon dolların sığortası yoxdur. Hansı ki, bu işdə ABŞ-nin Maliyyə Nazirliyinin də razılığı var. Və o da məlum oldu ki, bunların hamısının arxasında məhz həmin sistem durur”.
Cümşüd Nuriyev masonların indiyə qədər ABŞ-də 3 prezidenti öldürdüyünü, birini isə yaraladığını iddia edib:
“Trampin da FED-lə bağlı tənqidi fikirləri var. Ona görə də keçən həftə onu da aradan götürmək istədilər. Hazırda dünyanın maliyyə və informasiya sistemi masonların əlindədir. Burada əsasən anqlo-sakslardır. Onların da yanında özlərinin yetişdirdikləri layihə dövlətlər dayanır. İsraildən başqa bu siyahıda Livan, Suriya, İran və Səudiyyə Ərəbistanı da var. Bu dövlətlər mason siyasətini həyata keçirtmək üçün bu və digər formada ələ alınıb”.
Politoloq bütün bunlara baxmayaraq, masonların hər şeyə gücünün çatmadığına dair fakt da göstərib:
“İmperiyaları dağıdanlar da masonlar olub. Yeganə gücləri çatmayan imperiya Çin olub. Bu siyasətin də mahiyyəti həmin imperiyaların ərazisində olan sərvətləri ələ keçirtməkdir. Yada salaq ki, təbii sərvətlərinə görə dünyada birinci yeri Rusiya tutur. Bu ölkənin yeraltı sərvətləri təxminən 75 trilyon dollardır. Sonrakı yerləri ABŞ və Çin tutur. Zəngün təbii sərvətləri olan bütün ölkələr massonların nəzarətindədir. İran, Fars körfəzindəki zəngin karbohidrogen ehtiyatlara malik bütün dövlətlər də bu qəbildəndir. Məqsəd də bu imkanlı dövlətləri çökdürüb, özlərinə tabe etdirməkdir. Bir sözlə, masson dövlətüstü və millətüstü qurulmuş ən güclü idarəetmə sistemidir.
Natiq Səlim
KONKRET.az