Dolların taleyini həll edəcək qərar bu gün AÇIQLANACAQbackend

Dolların taleyini həll edəcək qərar bu gün AÇIQLANACAQ

Bu gün ABŞ-ın Federal Ehtiyat Sistemi 25-26 yanvar tarixlərini əhatə edən ilk iclasında növbəti dövr üçün dolların dəyərinə təsir edəcək qərarı açıqlayacaq. Günün son saatlarında FED ya faiz dərəcəsini sabit saxlayacaq, ya da artıracaq.

KONKRET.az xəbər verir ki, 2021-ci ilin dekabr ayında baş tutan iclasda Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauel 39 ilin ən yüksək inflyasiyasını Ştatlar üçün təhlükəli risk kimi qiymətləndirmişdi. Bu səbəbdən Federal Ehtiyat Sisteminin sərt pul rejiminə keçid etməsi və faiz dərəcəsinin artırılması labüd hesab edilmişdi.

Ötən ilin noyabr ayından etibarən FED-in sədri qiymətli kağızların alışını azaltmağa başlayacaqlarını açıqlamışdı. FED-in aktiv alışını faiz dərəcəsini artırmadan əvvəl tamamlamalı olduğu bildirilmişdi.

FED il ərzində neçə dəfə faiz artımına gedəcək?

Belə ki, 2022-ci ildə FED 3-4 dəfə faiz artımına gedəcək. İlk faiz artımının mart ayında baş verməsi gözlənilir. Buna görə də, mart ayına qədər aktiv alışın azaldılması nəzərdə tutulub, lakin, bəzi proqnozlara görə, proses fevral ayında, hətta yanvar ayının sonunda da yekunlaşa bilər. Buna görə kiçik ehtimal da olsa, bugünkü iclasda FED-in faiz artımına getməsi istisna edilmir. İstənilən halda faiz artımına gedilməsə belə, bugünkü iclas, müzakirlərin açıqlanacaq nəticələri bazar üçün kritik və hərəkətverici olacaq. Əsas mövzu inflyasiyanın cilovlanmasını əhatə edəcək.

Faiz artımı nə ilə nəticələnə bilər?

Faiz dərəcəsinin artırıldığı dövrdən etibarən dolların dövriyyədə azaldığı və paralel olaraq dəyər qazandığı müşahidə olunur. Yəni, faiz artımı ilə bağlı qərar dolların digər valyutalar qarşısında bahalaşmasını şərtləndirəcək. Xüsusilə də, fevral və mart aylarında dolların dəyəri avro və yapon yeni qarşısında yüksəlməyə davam edə bilər.

Digər tərəfdən qərar qlobal maliyyə bazarlarında riskli aktivləri təzyiq altında qoya bilər. “Wall Street”ə görə, 2022-ci ildə FED-in pul siyasəti ilə bağlı daha sərt rejimə keçməsi səhmlərin dəyərinin azalması, daha çox dövlət istiqrazlarının gəlirlərinin artmasına təsir edə bilər.

Bu gün açıqlanacaq qərarda 2018-ci ilin sonundan bəri ilk dəfə FED faiz artımına gedə, ya da ən yaxşı halda mart ayını gözləyə bilər.

FED faiz dərəcəsini nə qədər artıracaq?

Ehtimal olunur ki, FED 2022-ci ilin sentyabr ayına qədər faiz dəhlizinin aşağı həddini 0,3 faizə qədər, sentyabr ayından sonra 0,9 faizə qədər artıra bilər. Lakin, yüksək faiz dərəcəsi də istisna edilmir. “CME FedWatch Tool”un proqnozlarına görə isə, ilin sonuna qədər faiz dəhlizi 1-1,25 faiz səviyyəsində olacaq.

Həmçinin 2023-cü ildə daha üç və ondan sonrakı ildə daha iki faiz artımı qərarı gözlənilir.

Qeyd edək ki, 2022-ci il ərzində FED-in 8 iclası baş tutacaq. 25-26 yanvar tarixlərini əhatə edən iclasdan sonra aşağıdakı tarixlərdə iclasların həyata keçirilməsi nəzərdə tutulur:

15-16 mart 2022-ci il;

3-4 may 2022-ci il;

14-15 iyun 2022-ci il;

26-27 iyul 2022-ci il;

20-21 sentyabr 2022-ci il;

1-2 noyabr 2022-ci il;

13-14 dekabr 2022-ci il.

Xatırladaq ki, FED 2021-ci ilin dekabr ayındakı sonuncu iclasında faiz dəhlizini növbəti dəfə 0-0,25 faiz aralığında saxlayıb.

/oxu.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*