Dominikan Respublikasının nümayəndəsi Joheirry Mola Dominguez “Miss World 2026” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.
KONKRET.az xəbər verir ki, müsabiqənin 73-cü finalı sentyabrın 5-də Vyetnamın Nyaçanq şəhərində yerləşən 2 Aprel meydanında keçirilib. 111 ölkə və ərazidən nümayəndənin qatıldığı yarışın qalibi Dominikan Respublikasının 24 yaşlı təmsilçisi olub.
Finalda İspaniyanın nümayəndəsi Elisabeth Reynés birinci vitse-miss, Malayziyanın təmsilçisi Taanusiya Chetty isə ikinci vitse-miss seçilib. Vyetnamın nümayəndəsi Le Nguyen Bao Ngoc isə “Top 6” mərhələsinə qədər irəliləyib.
Mola Dominguezin qələbəsi Dominikan Respublikası üçün xüsusi əhəmiyyət daşıyır. Bu, ölkənin tarixində ikinci “Miss World” tacıdır. Dominikan Respublikasının ilk qalibi Mariasela Álvarez 1982-ci ildə titul qazanmışdı. Beləliklə, ölkə 44 ildən sonra yenidən dünya gözəllik tacına sahib olub.
Müsabiqənin builki finalı ilk dəfə Vyetnamda keçirilib.
“Miss World 2026” çərçivəsində müxtəlif müsabiqə və tədbirlər təxminən bir ay davam edib. Yarışa ümumilikdə 111 nümayəndə qatılıb.
KONKRET.az
