DYP Ucarda 5 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı məlumat yaydı – YENİLƏNİB-3backend

DYP Ucarda 5 nəfərin öldüyü dəhşətli qəza ilə bağlı məlumat yaydı - YENİLƏNİB-3

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) Ucar rayonu ərazisində 5 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

BDYP-dən KONKRET.az-a daxil olan məlumatda deyilir:

“09 iyul 2021-ci il tarixdə saat 02:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Ucar rayonu ərazisindən keçən 218-ci km-də Zaqatala şəhər sakini 14.05.1970-ci il təvəllüdlü sürücü Axundov Nazim Əliəsgər oğlu idarə etdiyi “Mercedes Benz Vito111” markalı, 99-MK-091 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan Gədəbəy rayonu sakini 01.07.1984-cü il təvəllüdlü sürücü Abdullayev Səfxan Fərman oğlunun idarə etdiyi Howo markalı, 21-BX-166 dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Qəza nəticəsində “Mercedes Benz Vito111” markalı avtomobilin sürücüsü N.Axundov və sərnişinləri Balakən rayon sakini 25.07.1976-cı il təvəllüdlü Qoqayeva Nigar Əhməd qızı, Zaqatala rayon sakinləri 25.04.1984-cü il təvəllüdlü İbrahimova Tünzalə Bəkir qızı, 24.09.1985-ci il təvəllüdlü İbrahimov Eyvaz İbrahim oğlu, 13.11.2004-cü il təvəllüdlü Yusubov Yusuf Feyzulla oğlu hadisə yerində ölmüş, Xaçmaz rayon sakini 17.04.2002-ci il təvəllüdlü Mustafayev Rəcəb Ramin oğlu və Balakən rayon sakini 10.11.2010-cu il təvəllüdlü Qoqayeva Hürü Abdusalam qızı xəsarətlər alaraq Ucar rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

İlkin ehtimala görə, qəzanın baş verməsinə “Mercedes Benz Vito111″ markalı avtomobilin sürücüsünün sükan arxasında yuxulaması səbəb olub. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır”.

***

10:41
Ucarda 5 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü ( yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.

KONKRET.az xəbər verir ki, hazırda cinayət işi üzrə müəyyən ekspertizalar keçirilir.

Qeyd edək ki, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayon sakini, 1970-ci il təvəllüdlü Nazim Axundovun idarə etdiyi “Vito” markalı mikroavtobus Gədəbəy rayon sakini, 1984-ci il təvəllüdlü Sərxan Abdullayevin idarə etdiyi “Howo” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Nəticədə sürücü N. Axundov və sərnişinləri – Zaqatala rayon sakinləri, 1985-ci il təvəllüdlü Eyvaz İbrahimov, 2004-cü il təvəllüdlü Yusif Yusubov, hələlik şəxsiyyətləri məlum olmayan 50-52 və 25-30 yaşlı qadınlar dünyasını dəyişiblər. Xaçmaz rayon sakini, 2002-ci il təvəllüdlü Rəcəb Ramin oğlu Mustafayev və Hürü adlı qız aldıqları xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hürünün vəziyyəti daha ağır olduğundan o, Göyçay Rayon Xəstəxanasına göndərilib.

***

09:23
Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

FHN-dən KONKRET.az-a daxil olan məlumatda deyilir:

“Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ucar rayonunun Müsüslü kəndində “Mercedes” markalı mikroavtobus ilə “Shacman” markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər”.

***

09:09
Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
Avtoqəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisə zamanı “Mercedes Vito” markalı mikroavtobusla “Howo” markalı yük maşını toqquşub.

Yol qəzasının təfərrüatları araşdırılır.

Ucarda baş vermiş ağır yol qəzasında xəsarət alanların adları məlum olub.

Avtoqəza nəticəsində 3 nəfər – Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Eyvaz İbrahim oğlu İbrahimov, Xaçmaz rayon sakini, 2002-ci il təvəllüdlü Rəcəb Ramin oğlu Mustafayev və Hürü adlı qız aldıqları ağır xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

E.İbrahimovun xəsarətləri ağır olduğundan o, xəstəxanada dünyasını dəyişib. Hürü isə Göyçay Rayon xəstəxanasına aparılıb.

Qeyd edək ki, şəxsiyyətləri hələlik müəyyən edilməyən daha 4 nəfər hadisə yerində dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*