“Əl-Qüds”: Suriyada ruslarla ittifaq yaradan ABŞ nəyə görə Ukraynada onlarla vuruşdu? – ƏTRAFLIbackend

Əl-Qüds”: Suriyada ruslarla ittifaq yaradan ABŞ nəyə görə Ukraynada onlarla vuruşdu? - ƏTRAFLI

Moskva Qərblə Ukrayna uğrunda informasiya müharibəsinin ortasındadır. Belə bir zamanda ABŞ Rusiyanın Ukraynaya müdaxiləsini durdurmaq üçün onların Suriyadakı silahlarını Rusiyanın bölgədəki bazalarına və maraqlarına qarşı çevirməklə hədələləyir. Bu xəbərdən ən çox sevinən, bəlkə də, suriyalılar olacaq. Digərləri isə ABŞ-ın sovet qoşunlarına qarşı müharibədə əfqan mücahidlərini dəstəklədiyi kimi, Suriyadakı anti-Rusiya qruplarını da dəstəkləyəcəyinə inanır. Lakin Suriyadakı vəziyyət ötən əsrin sonunda Əfqanıstandakı vəziyyətdən çox fərqlidir.

Yada salaq ki, 80-ci illərdə Qərblə SSRİ arasında konflikt ən kəskin həddə çatmışdı: amerikalılar və avropalılar müxtəlif iqtisadi, hərbi, mədəni rıçaqlardan, eləcə də mediadan istifadə etməklə sovet imperiyasına zərbələr endirmək və məhv etmək üçün çalışdılar. Əfqanıstan müharibəsində iştirak Sovet İttifaqının tabutuna, bəlkə də, son mismar idi. Unudulmamalıdır ki, sovet qoşunları Qərbin tənqidlərinə baxmayaraq Əfqanıstanı işğal etdi. Lakin Amerika bundan istifadə edərək ölkəni ikinci Vyetnama çevirdi.

Beləliklə, ilk sovet tankı Əfqanıstan ərazisini keçəndə ABŞ-ın milli təhlükəsizlik müşaviri Bjezinski prezident Karterə dedi: “İndi bizim SSRİ-ni öz Vyetnam müharibəmizə cəlb etmək imkanımız var”.

Bjezinski nə danışdığını bilirdi. O vaxt sovetin bu istilası dəvənin belini qıran saman çöpü oldu. İllər sonra sovet qoşunları Amerikanın dəstəklədiyi mücahidlərin və onların əfsanəvi sovet təyyarəsini darmadağın edən “Stinger” raketlərinin zərbələri altında geri çəkildi.

İndi də Rusiya-Amerika münaqişəsində ABŞ Ukraynanı da Əfqanıstan kimi əsl bataqlığa çevirmək istəyir. Hələlik bu, sadəcə xəyaldır. Görünən odur ki, ABŞ və Qərb Suriyada Rusiyaya güzəştə getdi. Lakin Rusiyanın Suriyaya müdaxiləsinə göz yummaqla amerikalılar və israillilər özlərinin ruslara yaşıl işıq yandırmalarından belə xəbərsizdirlər. Bu yerdə ABŞ Müdafiə nazirinin Yaxın Şərq üzrə o vaxtkı müavini Endryu Ekminin ABŞ Konqresi qarşısındakı məşhur çıxışı yada düşür.

General o zaman açıq şəkildə dedi ki, “Suriya rejiminin süqutundan və bunun regiondakı Amerika maraqlarına və İsrailin təhlükəsizliyinə təsirindən qorxaraq Rusiyanı Suriya ərazisinə sıxışdırmaq təşəbbüsün məhz ABŞ öz üzərinə götürüb”.

Xatırladaq ki, Endryu Ekmin ABŞ-ın xarici siyasət strategiyasında müqəddəslərin müqəddəsi hesab olunur.

Sonda onu da qeyd edək ki, Vaşinqton və Moskva arasında həddindən artıq gərginliyə baxmayaraq, onların üst-üstə düşən ümumi maraqları var.Ona görə də, Ukraynada və Suriyada hadisələrin necə inkişaf edəcəyini qabaqcadan söyləmək çox çətindir.

“Əl-Qüds”, Böyük Britaniya. 6 mart 2022.

Tərcümə etdi: Lətif.A,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*