İdman insanları birləşdirməli, qarşılıqlı hörmət, intizam və nəciblik prinsiplərini təbliğ etməlidir.
Lakin bir ölkə artıq bir neçə ildir digərinə qarşı genişmiqyaslı müharibə aparır, dinc sakinləri öldürür, şəhərləri dağıdır, uşaqları doğma yurdlarından didərgin salırsa, idmanı siyasətdən və müharibənin reallıqlarından tamamilə kənarda saxlamaq mümkündürmü?
Arina Sobolenko ilə Elina Svitolina arasında yaşanan hadisə Ukrayna idmançılarının Rusiya və Belarus təmsilçiləri ilə əl tutmaqdan imtina etməsinin səbəblərini yenidən gündəmə gətirib.
Əslində, bu məsələnin üzərində ciddi düşünməyə ehtiyac var.
Ukraynalı idmançılar heç kimdən xüsusi münasibət tələb etmirlər. Onların istədiyi sadəcə elementar hörmətdir: ölkələrinə, həlak olan insanlara, bu gün Ukraynanı müdafiə edənlərə və müharibənin bütün çətinliklərinə baxmayaraq beynəlxalq yarışlarda iştirakını davam etdirən idmançılara hörmət.
Əgər yayılan videoda Sobolenkonun dediyi sözlər düzgün əks olunubsa, burada söhbət sadəcə gərgin qarşılaşmanın doğurduğu emosiyalardan getmir. Bu, rəqibə münasibət və idman etikasına hörmət məsələsidir. Bununla belə, dodaq hərəkətlərinin oxunmasının yüz faiz dəqiqliyə malik sübut olmadığını da nəzərə almaq lazımdır.
Bəs niyə beynəlxalq idman ictimaiyyəti Ukrayna təmsilçilərinin əl tutmaqdan imtina etməsini bu qədər geniş müzakirə edir, amma onları bu addıma vadar edən səbəblərə eyni diqqəti göstərmir?
Niyə Ukrayna idmançılarından təcavüzkar ölkələrin təmsilçiləri ilə dostluq və barışıq nümayiş etdirmək tələb olunur? Sanki heç bir müharibə baş verməyib, şəhərlər dağıdılmayıb, minlərlə insan həyatını itirməyib.
Axı əl tutmaq hörmət və qarşılıqlı ehtiramın ifadəsidir, məcburi ritual deyil.
Ukraynalı idmançıların öz mövqelərini ifadə etmək hüququ var. Rusiya hərbi təcavüzü davam etdiyi bir vaxtda onlardan simvolik barışıq jesti gözləmək Ukraynanın yaşadığı faciəni görməzdən gəlmək deməkdir.
İdman müharibənin normallaşdırılması, işğalın və təcavüzün adi hadisə kimi qəbul etdirilməsi vasitəsinə çevrilməməlidir.
Ukrayna idmançılarına dəstək vermək idman rəqabətinin tərəfini tutmaq deyil. Bu, insan ləyaqətinə, haqq-ədalətə və müharibənin qurbanlarına hörmət məsələsidir.
Müəllif: Nelia Voitsxiv
Tərcümə etdi: Rəsmiyyə Şərifova,
KONKRET.az
