“Noyabrın 6-da həkimlər üçün nəzərdə tutulan sertifikasiya imtahanında yüksək bal toplamışam, şəhadətnamə almışam. Bu şəhadətnamə də 5 il müddətinə etibarlıdır”.
KONKRET.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında “Caspian International Hospital”ın ümumi cərrahı Elçin Əzizov bildirib.
E.Əzizov Azərbaycan Tibb Universitetində həkim-cərrah, N.İ. Piroqov adına adına Rusiya Milli Tədqiqat Tibb Universitetində laparoskopiya, Kazan dövlət Tibb Akademiyasından laparoskopiya, Kazan dövlət Tibb Universitetində laparoskopiya təhsilini alıb.
O, 1997-2004-cü illərdə Müdafiə Nazirliyinin N saylı Hərbi Səhra Hospitalında hərbi səhra cərrahı, 2004-2009-cu illərdə Leyla Şıxlinskaya klinikasında cərrah laparoskopist, 2009-2010-cu illərdə EstetikMed Plazada cərrah laparoskopist, 2010-2011-ci illərdə Oksigen Klinikasında cərrah laparoskopist, 2011-2013-cü illərdə Moderin Hospitalda cərrah laparoskopist, 2013-2014-cü illərdə Caspian İnternational Hospital cərrah laparoskopist, Bakı Sağlamlıq Mərkəzində şöbə müdiri, cərrah laparoskopist, DİN Mərkəzi Hərbi Hospitalında cərrah laparoskopist, DTX Mərkəzi Hərbi Hospitalında cərrah-konsultant kimi çalışıb. 2019-cu ildən Caspian İnternational Hospitalında cərrah laparoskopistdir.
Pravda.az xəbər portalında noyabrın 23-də son 1 ayın araşdırma yazısı olan və 9 həkimi əhatə edən “Sertifikasiyadan keçməyən həkimlər! – Onlar əməliyyat da edir” başlıqlı yazıda E.Əzizovun da adı keçir. Qeyd edirik ki, E.Əzizov imtahanı noyabrın 6-da verib, sertifikatı da noyabrın 10-da alıb. Xüsusilə vurğulayırıq ki, E.Əzizovun sertifikatının olub-olmaması ilə bağlı materialların əldə edilməsi prosesi noyabrın 3-də həyata keçirilib, ona görə də sertifikasiyadan keçməyən həkim kimi qeyd olunub. Bütün hallarda həkimi imtahandan keçməsi münasibətilə təbrik edir, araşdırma dərc edilən gün tələskənlik edilərək yenidən yoxlanma aparılmadığına və E.Əzizovun adının siyahıda qalmasına görə ondan üzrxahlığımızı qəbul etməsini xahiş edirik.
KONKRET.az olaraq xüsusilə qeyd edirik ki, belə materialları dərc etməkdə məqsəd bu sahədə şəffaflığın və keyfiyyətin təmin edilməsinə dəstək verməkdir.
