Elçin Quliyev “Samur” sərhəd-buraxılış məntəqəsinə baş çəkdi – FOTOLARbackend

Elçin Quliyev "Samur" sərhəd-buraxılış məntəqəsinə baş çəkdi - FOTOLAR

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd nəzarəti fəaliyyəti gücləndirilmiş iş rejimində həyata keçirilir.

Ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sərhədçiləri dövlət sərhədindən buraxılış məntəqələrində Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydada sanitar-karantin və digər rejim tədbirlərinin həyata keçirilməsini təşkil edir və “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər.

KONKRET.az xəbər verir ki, 25 mart tarixində Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinə gələrək Rusiyadan avtomobil yolu ilə ölkəyə daxil olan vətəndaşlarımızın sanitar-karantin tədbirlərinə cəlb olunmasının təşkili vəziyyətini yoxlayıb.

Dövlət sərhədindən buraxılış məntəqəsində rejim tədbirlərinin təşkili, o cümlədən ölkəyə gələn vətəndaşlar üzərində sərhəd və gömrük nəzarətinin həyata keçirilməsi, həmin şəxslərin hərarətinin ölçülməsi və digər sanitar-karantin tədbirlərinə cəlb edilmələri vəziyyəti yoxlanılıb, xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin tibbi təxliyəsi tədbirləri nəzərdən keçirilib.

Ölkə ərazisinə gələn və Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi səhra hospitalında ilkin müayinələrə cəlb olunan vətəndaşlarla görüş keçirilib, vəziyyətləri ilə maraqlanılıb, xahiş və müraciətləri dinlənilib.

Karantində saxlanılacaq şəxslərin qalması üçün ayrılan yerlərə və yaradılan şəraitə, həmin şəxslərin daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitələrinə baxış keçirilib.

Dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilib, zəruri tapşırıq və göstərişlər verilib.

Səfər çərçivəsində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Dağıstan Respublikası üzrə Sərhəd İdarəsinin rəhbəri general-leytenant Aleksey Buyerov ilə işçi görüş keçirilib, Azərbaycan və Rusiya vətəndaşlarının sərhədkeçmə prosedurlarının və nəqliyyat vasitələrinin yoxlanışlarının tezləşdirilməsi, şəxslərin dövlət sərhədindən hərəkətinin müvəqqəti olaraq yalnız “Samur” (AR) – “Yaraq-Qazmalar” (RF) dövlət sərhədindən buraxılış məntəqəsindən, avtomobil nəqliyyat vasitələrinin isə “Samur” və “Xanoba” dövlət sərhədindən buraxılış məntəqələrindən həyata keçirilməsi məsələləri müzakirə olunub.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*