“Əli Həsənov xalqdan üzr istəməlidir – O çaşıb” – Niyə susursan, Əli!backend

“Əli Həsənov xalqdan üzr istəməlidir – O çaşıb” - Niyə susursan, Əli!

Rəhmətlik atam deyirdi ki, “insanın pulu çoxaldıqca ağlı azalır”. Fikrini də belə izah edirdi ki, “kasıb hər məsələ barədə özü qərar verir. Lakin varlı insanın ətrafında yaltaqlar çox olduğu üçün ona sərbəst düşünmək imkanı vermirlər. Və beləcə varlı adam çox zaman öz fikirləri ilə deyil, yaltaq adamların təklifləri ilə hərəkət edir. Nəticədə varlı adamın ağlı işlətmədiyi üçün korşalır”. Eynən Əli Həsənov  kimi… Yüz milyonların üzərində oturan Əli Həsənovun da ətrafında o qədər yaltaq və yal adamları var idi ki, axırda o da ağlını itirdi. Məhz ağlı azaldığı üçün Əli Həsənov boyundan böyük işlərə qalxdı. Necə deyərlər “çaşdı”.

Bu gün oxuduğum bir xəbər isə məndə bir daha əminlik yaratdı ki, Əli Həsənovun ağlı “gedib”. Deməli, Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi facebookda paylaşım edib. Paylaşımda Əli Həsənov 2017-ci ildə Xocalı faciəsi ilə bağlı “qələmə aldığı” kitabı yenidən oxuculara təqdim edib. Qəribəsi də odur ki, o, təqdimata bu sözləri yazıb: “Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində 2017-ci ildə nəşr etdirdiyim səkkiz xarici dildə tərtib olunmuş “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı kitabı təkrar diqqətinizə təqdim edirəm”.

Məlumatı oxuyanda necə deyərlər “yer ayağımın altından qaçdı”. Dedim: “Dağıl a dünya, gör biz kimlərin göstərişləri altında işləmişik”. Uzun illər dövlətin ideoloji işinin başında dayananlardan biri, tarix elmləri doktoru Əli Həsənovun belə bir ciddi yanlışlığa yol verməsinin heç bir izahı yoxdur. Hətta biliyi orta qiymətləndirilən məktəbli də bilir ki, Xocalı faciəsi 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilib. Əli Həsənova hesab dərsi keçməyə vaxtımız olmasa da, buna məcburuq. Əli müəllim yazır ki, 2017-ci ildə Xocalı soyqırımı haqda yazdığı kitabı faciənin 31-ci ildönümü ərəfəsində yenidən təqdim edir. İndi isə gəlin hesablayaq: Kitabın təqdimatının edildiyi 2021-ci ildən hadisənin baş verdiyi 1992-ci ili çıxaq. Cavab Əli Həsənovun iddia etdiyi kimi 31 yox, 29 edir.

Bəlkə də bunun üzərindən sükutla keçmək olardı, əgər bu fikirləri sıradan bir müəllif qələmə alsaydı. Mövzuya heç toxunmamaq da olardı. Amma bu şəxs uzun illər Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi işləyib, dövlətin ideoloji işinə rəhbərlik edib. Bu halda onun etdiyi bağışlanmaz səhvdir, üzərindən sakitcə keçiləcək məsələ deyil.  Məncə, bu səhv iki səbəbdən ola bilər.

Birincisi, çox güman ki, Əli Həsənov ağlını itirib. Çünki belə bir dəhşətli səhvi ancaq ağıl problemi olan adam edə bilər.

İkincisi, ola bilsin ki, o təqdimatı Əli Həsənov yox, onun əvəzindən hansısa “qul beçə” yazıb. Çünki yal adamları keyfiyyət üçün deyil, kəmiyyət üçün çalışırlar. Və elələri də bir qayda olaraq tapşırılan işi başdan sovdu yanaşırlar.

  • Yeri gəlmişkən, bir məsələni də əziz oxucuların diqqətinə çatdırmaq istəyirəm. Məndə olan məlumatlara görə, zaman-zaman istər Ramiz Mehdiyevin, istərsə də Əli Həsənovun adından nəşr olunan cild-cild kitablardan onların xəbərləri yoxdur. O kitabları ayrı-ayrı adamlar yazıb. Bir də ki, istər Ramiz Mehdiyevin, istərsə də Əli Həsənovun intiriqadan və pul saymaqdan başları ayılırdımı ki, bir kitab yazmaq həvəsləri də olsun. Həmin yazarlardan biri ilə vaxtilə bir yerdə işləmişəm. Ötənlərdə onunla bir məclisdə idik. Türklər demiş “içkidə bir qədər çox qaçırtmışdı”. Və mənə dedi ki, “Qardaş, bezmişik mirzəlik etməkdən, yazdıqlarımızın əziyyəti bizimdir, adı onların…”

Bax, Əli Həsənov haqqında yuxarıda qeyd etdiyim fakt da sübut edir ki, yazılan kitablardan Əli Həsənovun xəbəri yoxdur. Xəbəri olsa idi, həmin kitablardan birini də indi yazardı. Amma yazmır, daha doğrusu yaza bilmir. Adama deyərlər ki, necə olurdu ki, qaça-qaçda, gərgin iş şəraitində Əli Həsənov kitab yazmağa vaxt tapırdı, amma indi 7/24 saat boş olduğu bir vaxtda iki sətir yazmır. Deməli, yaza bilmir. Amma iddiasından da geri qalmır. “Bəlkə də qaytardılar” ümidi ilə yaşayaraq gündəm yaratmaq istəyir. Lakin verdiyi “qonarar” az olması ucbatından Əli Həsənovun qul-beçələri “qaş düzəltmək əvəzinə vurub göz çıxarırlar”.

Amma kimin yazmasından, kimin nəşr etməsindən asılı olmayaraq müəllif kimi Əli Həsənov göstərilir. O Əli Həsənov ki, gözlərini xalqın qanından, canından çıxardığı milyonlar elə kor edib ki, nə yazdığını, daha doğrusu nə yazdırdığından xəbəri belə yoxdur. Əgər xəbəri varsa, onda çıxsın xalqdan üzr istəsin. Heç olmasa Xocalı şəhidlərinin ruhu qarşısında bir balaca utansın…

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*