Ərazi bütövlüyümüzün təmin edilməsində gənclərin rolu və yeribackend

Ərazi bütövlüyümüzün təmin edilməsində gənclərin rolu və yeri

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istənilən dövlətin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi, onlara vətənpərvərlik duyğularının aşılanması cəmiyyətin başlıca vəzifələrdən hesab olunur. Bu, qürur mənbəyimizə çevrilmiş dövlət müstəqilliyimizin qorunması baxımından da müstəsna əhəmiyyətə malikdir.

Etiraf olunmalıdır ki, istər dövlət müstəqilliyimizin bərpasında, istər onun qorunmasında, istərsə də 44 günlük Vətən müharibəsinin qələbə ilə yekunlaşmasında gənclərimizin rolu və xidmətləri danılmazdır. Hələ 1988-ci ildə Ermənistan tərəfi milli-mədəni sərvətlərimizi məhv etməyə başlayanda ilk olaraq həmin dövrün gəncliyi ayağa qalxdı. Topxana meşələrində xain qonşular ölkəmizə qarşı ekoloji terror həyata keçirəndə gənclərimiz öz etiraz səslərini bütün dünyaya çatdırdı. O zaman gənclər keçmiş Sövetlər Birliyinin ölkəmizə yönəlik anlaşılmaz qərarları ilə barışmır, Azərbaycanın müstəqilliyini tələb edirdilər. Həmin ərəfədə bir tərəfdən Ermənistanın kənd və şəhərlərimizə hücumları, digər tərəfdən isə keçmis sovetlər birliyinin süquta uğraması gənclərin üzərinə ciddi vəzifələr qoymuşdu.

Həmin vaxtlarda bütün ali təhsil ocaqlarının tələbələri Azadlıq meydanına yürüş edərək, respublikamızın keçmiş sovetlər birliyindən ayrılmasını tələb edirdilər. Yüz minlərlə gənc etiraz aksiyalarına qoşuldu. Artıq meydanlar 1920-ci ildə süquta uğrayan Azərbaycan Xalq Cümhuriyyətinin bərpasını tələb edirdi. Nəhayət, sovet ordu birləşmələrinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə hücumu zamanı tankların qarşısına əliyalın, silahsız çıxan da məhz gənclərimiz oldu. Həmin tarixə qısa ekskurs etməkdə məqsədimiz də odur ki, gənclərimizin keçdiyi böyük tarixi yola nəzər salaq.

Sonradan isə ölkəmizin müstəqilliyinin sevincini yaşayan gənclərimizin qarşısında daha bir taleyüklü məsələ dayanırdı. Bu, ərazilərimizin 20 faizini işgal edən Ermənistanın hərbi birləşmələrinə tarixi dərs vermək və onları birdəfəlik torpaqlarımızdan çıxarmaq vəzifəsi idi.

Odur ki, gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsi, onların Vətənə, torpağa bağlılığı qarşıda duran başlıca vəzifə idi. Bütün təhsil ocaqlarında, uşaq bağçalarında hərbi vətənpərvərlik tərbiyəsinin təbliğinə böyük önəm verilmişdi. Xüsusən də təhsil müəssisələrində torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan vətən oğullarının həyat hekayələrindən bəhs edən güşələr yaradılır, onların qəhrəmanlığı haqqında məlumatlar verilirdi.

Gənclərə aşılanan bu tərbiyənin bəhrəsini 2020-ci ilin sentyabr ayında görə bildik. Ermənistanın ölkəmizə ərazi iddiasının qarşısının alınması üçün gənclər həlledici döyüşə atılmışdı. İndi isə onların cəbhədə göstərdikləri qəhrəmanlıqdan hər kəs qürur hissi ilə danışır. Amma burada başqa məqama toxunmaq yerinə düşər.

İkinci Qarabağ savaşının ilk günlərində hərbi ixtisaslara yiyələnmiş gənclər orduya çağırıldı. Amma demək olar ki, bütün gənclər hərbi komissarlıqlara axışaraq cəbhəyə getmək istədiklərini israrla deyirdilər. Düzdür, müharibə qaydalarına uyğun olaraq hər kəsin cəbhə bölgəsinə göndərilməsi tövsiyə olunmurdu. Burada daha hazırlıqlı, hərbi təcrübəsi çox olan gənclərə üstünlük verilirdi. Amma gənclər yenə komissarlıqlardan yığışmırdı. Hətta kimsədən xəbərsiz döyüş bölgələrinə yola düşən gənclər də oldu. Hər bir gənc cəbhəyə bacara biləcəyi köməyi təklif edirdi. Bu, həm də illərlə həyata keçirilən gənclər siyasətinin nəticəsi idi.

Maraqlı fakt isə ondan ibarətdir ki, 44 günlük müharibə zamanı bir nəfər də olsun hərbidən yayınmadı, döyüş meydanını tərk etmədi. Bu, əlbəttə, gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsinin yüksək səviyyədə olduğundan xəbər verirdi.

Təbii ki, gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsi bu gün də qarşıda duran əsas vəzifələrdən hesab olunur. Olimpiya idman kompleksləri, Gənclər evləri onların fəaliyyəti üçün yaradılan şəraitlə yanaşı, sağlam ruhda böyümələrinin əsas şərtlərindəndir. İdmana göstərilən qayğının nəticəsi olaraq gənclərimiz beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edir, üçrəngli bayrağımızı ən möhtəşəm arenalarda dalğalandırırlar.

Gənclərimizin xidmətləri isə heç zaman unudulmur. İkinci Qarabağ savaşından sonra ordudan tərxis edilən gənclər müvafiq işlərlə təmin olunur, onlara böyük etimad göstərilir. Bundan əlavə, gənclər ölkəmizin ictimai-siyasi və mədəni həyatının bütün sahələrində öz bilik və bacarıqlarını əsirgəmirlər. Son bir neçə ildə dövlət idarəçiliyində gənclərin irəli çəkilməsi Prezident İlham Əliyevin kadr islahatlarında gənclər siyasətinin ana xəttini təşkil edir. Bütün dövlət strukturlarında, qanunverici, icra və hüquq-mühafizə orqanlarında, bütün nazirlik və komitələrdə gənclərə böyük etimad göstərilir, onlara məsul vəzifələr həvalə edilir.

Ayan,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*