Ərdoğan Qlazqoya niyə getmədiyinin səbəbini AÇIQLADI – YENİLƏNİBbackend

Ərdoğan Qlazqoya niyə getmədiyinin səbəbini AÇIQLADI - YENİLƏNİB

“Şotlandiyaya getməməyim öz təhlükəsizliyimlə bağlı deyil, ölkəmizin etibarı ilə bağlıdır”.

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romadan “G-20”liyin zirvə toplantısından qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində Qlazqoda keçirilən İqlim Dəyişməsi Konfransında iştirak etməməsinin səbəbinə aydınlıq gətirərkən deyib.

“Qlazqoda keçirilən BMT-nin İqlim Dəyişməsi Konfransı üçün tələb etdiyimiz təhlükəsizlik protokolu standartları vardı. Bunlar beynəlxalq ziyarətlərimizdə bizə və başqa liderlərə hər zaman tətbiq edilən protokol standartlarıdır. Ancaq son anda bunun bizə tətbiq edilməyəcəyi söylənildi. Daha sonra bizim geri qaytarılan tələbimizdəki standartların başqa ölkələr üçün istisna olaraq tətbiq edildiyini öyrəndik”, – deyə dövlət başçısı bildirib.

***

13:35
Romaya səfərini başa vuraraq oradan Qlazqo şəhərinə yollanmalı olan Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəyə qayıdıb.

KONKRET.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan və onu müşayiət edən heyəti daşıyan özəl təyyarə yerli vaxtla 01:20-də Atatürk Hava Limanında eniş edib.

Türkiyə mediası Ərdoğanın hansı səbəbdən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 26-cı Konfransında (COP26) iştirak etməkdən imtina etdiyi barədə məlumat verməyib. Lakin bununla yanaşı, “Reuters” agentliyi Ərdoğanın protokolla bağlı yaranan problemə görə səfərini təxirə saldığını yazıb.

Türkiyəli yüksək rütbəli bir məmurun sözlərinə görə, səfərin təxirə salınmasına səbəb Türkiyənin protokol və təhlükəsizliklə bağlı tələblərinin Böyük Britaniya tərəfindən tam yerinə yetirilməməsi olub.

“Təhlükəsizlik üçün tələb olunan avtomobil sayı və təhlükəsizliklə bağlı digər bəzi tələblərimizin tam olaraq qarşılanmaması səbəbindən cənab Prezident belə bir qərar verdi. Biz də belə vacib bir sammitdə iştirak etməyə əhəmiyyət verirdik, lakin bunu etmək lazım gəldi”, – deyə məmur əlavə edib.

Qeyd edək ki, Ərdoğan Romada oktyabrın 30-dan 31-nə qədər keçirilən G20 sammitində iştirak edib. Türkiyə Prezidentinin Şotlandiyanın Qlazqo şəhərində noyabrın 1-12-sində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 26-cı Konfransında (COP26) da iştirak etməsi gözlənilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*