backend

Erməni KİV: "Ərdoğan və Əliyev “Zəngəzur dəhlizi” ideyasını beynəlxalq platformalarda irəli sürməkdə davam edirlər"

“Ərdoğan və Əliyev “Zəngəzur dəhlizi” ideyasını beynəlxalq platformalarda irəli sürməkdə davam edirlər”.

KONKRET.az xəbər verir ki, erməni teleqram kanallarında verilən siyasi şərhlərdə belə vurğulanıb. Həmin materialların birində bildirilir ki, artıq prosesin qarşısnı almaq mümkün deyil.

Çünki Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci sammitinin açılışında çıxış edən Ərdoğan pandemiya şəraitində regional və qlobal nəqliyyat şəbəkələrinin əhəmiyyətindən danışarkən Zəngəzur dəhlizindən də geniş bəhs edib.

Məqalədə daha sonra yazılıb: “Bölgəmizdə nəqliyyat infrastrukturunun inkişafı və müasir İpək Yolunun dirçəldilməsi istiqamətində səylərimiz səngimək bilmir. Türkiyənin fəal iştirakı ilə Xəzər dənizi üzərindən Şərq-Qərb Dəhlizinin və Bakı-Tbilisi-Qars dəmir yolu xətti uğurla həyata keçirilir. Bu təşəbbüslər səylərimizin ən konkret təzahürüdür. Ölkəmizlə region arasında birbaşa yol əlaqəsi yaradacaq Zəngəzur dəhlizinin əhəmiyyəti də göz qabağındadır”, – deyə Ərdoğan bildirib.

Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev əmin edib ki, “Zəngəzur dəhlizi” adlanan layihə reallığa çevrilir.

“Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm tərkib hissəsinə çevriləcək”, – deyən İlham Əliyev İƏT-ə üzv ölkələrin Zəngəzur dəhlizindən istifadə edəcəyinə əminliyini ifadə edib.

Şərhdə vurğulanır ki, “Zəngəzur dəhlizi ilə bağlı artıq bütün beynəlxalq arenalarda danışılacaq və onun iqtisadi ecazkarlığı dünya ölkələrini özünə cəlb edəcək. Bu isə Ermənistan üçün arzuolunmazdır”.

Belə çıxır ki, revanşistlər üçün Zəngəzur dəhlizi əsl kabusa çevrilib.

Yeri gəlmişkən, erməni nəşrləri təəssüflə İranın da bu layihələrdə yaxından iştirakını qeyd edib.

Qeyd edək ki, İƏT 10 dövləti – Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Türkmənistan, Türkiyə, Tacikistan və Özbəkistanı birləşdirən regional dövlətlərarası iqtisadi təşkilatdır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*