“Bir neçə aydır ki, “Facebook” Ermənistanın “Milli Qəhrəman”ı (azərbaycanlılara qarşı törətdiyi qətliama və terrora görə) Monte Melkonyanın fotoları olan yazıları silir və müəlliflərini bloklayır”.
KONKRET.az xəbər veri ki, bu barədə “Qolos Armenii” qəzeti yazıb. Qəzet iddia edir ki, Melkonyanın adına açılan facebook səhifələri bloklanır, amma bu, Ermənistanın dövlət strukturlarını heç narahat etmir:
“Kimsə Nikol Paşinyanı və ya başqa məmuru tənqid edəndə bütün güc strukturları dərhal ayağa qalxır və həmin şəxsi tapır. Görünür, Monte Melkonyan onlara reytinq üçün lazım idi, indi artıq o aktual deyil. Belə çıxır ki, hakimiyyət Ermənistanın qəhrəmanları ilə heç bir mənəvi bağlılıq hiss etmir. Ermənilər öz qəhrəmanlarının və dövlətlərinin olduğunu nə qədər tez unutsalar, azərbaycanlılarla və onların əlaltıları ilə iş birliyinə girmək hakimiyyət üçün daha asan olacaq”, – deyə qəzet yazıb.
Qeyd edək ki, bu yazı Razm.info saytının koordinatoru Karen Vrtanesyan tərəfindən “Facebook”da yerləşdirilib: “Bir çox istifadəçilər Monteyə qarşı aksiyanın Ermənistan hakimiyyəti tərəfindən azərbaycanlılarla birgə həyata keçirildiyinə və məqsədyönlü olduğuna əminliklərini ifadə etdilər. Belə davam edərsə, tezliklə adlarımızı erməni hərfləri ilə yazmaq qadağan olunacaq. Çünki erməni əlifbası onlar üçün “təhlükəli ideologiya”dır” – deyə Karen Vrtanesyan vurğulayıb.
“Rəsmi Bakının təbliğat maşınının Ermənistanda özünü bu qədər rahat hiss etməsi, lazım olan dezinformasiyanı məharətlə yayaraq, özünə sərf edən mövzuları Ermənistanda təbliğ etməsi kimin günahıdır?” – deyə məqalədə bildirilib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
