“Ermənistanla Azərbaycan arasında dəmir yolunun yenidən qurulması 2-3 il çəkəcək”.
KONKRET.az erməni mediasına istinadən bu barədə baş nazir Nikol Paşinyan fikir səsləndirib. O, artıq dəmir yolu əlaqəsinin bərpasıyla bağlı prinsipial razılaşmanın olduğunu deyib.
“Ermənistan və Azərbaycan Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisini 2-3 il ərzində başa çatdırmağı planlaşdırır. Artıq Azərbaycan Prezidenti İlham Əliyevlə dəmir yolu əlaqəsi ilə bağlı prinsipial razılaşma var. Ümid edirik ki, bu işi 2-3 il ərzində yekunlaşdıracağıq” – deyə Paşinyan vurğulayıb.
Paşinyan əlavə edib ki, bunun üçün razılaşmaların icrası üzərində işləmək lazımdır. O, avtomobil yolunun bərpa oluna biləcəyini də açıqlayıb.
Xatırladaq ki, daha əvvəl Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan bildirmişdi ki, Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun uzunluğu təqribən 340 km olacaq. Yolun 45 kilometri Ermənistan ərazisindən keçəcək. Ermənistandakı ərazilərdə bərpa işlərinin indikativ büdcəsi təxminən 200 milyon dollar təşkil edəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
