“Ermənistanda anlamırlar ki, Fransa onları hansı oyuna çəkir?” – Almaniyalı politoloq Yevgeni Kudryatsınbackend

“Ermənistanda anlamırlar ki, Fransa onları hansı oyuna çəkir?” - Almaniyalı politoloq Yevgeni Kudryatsın

Ermənistanın eyni anda iki stulda oturmaq istəyi siyasi imicinə ciddi zərbə vurur. Qərblə eyni cəbhədə dayandığını bəyan edən Nikol Paşinyan Rusiyadan da birdəfəlik üzülüşə bilmir. Sitiuasiya Ermənistanı mövqeyini günaşırı dəyişməyə sövq edir. İrəvanın bütün bunları Fransanın diktəsi ilə həyata keçirməsi sirr deyil və bunu Avropada da anlayırlar. Almaniyalı politoloq Yevgeni Kudryatsının da müsahibəsi bu mövzudadır.

KONKRET.az həmin müsahibəni təqdim edir.

– Azərbaycana qarşı Qərbin ikili standartları , xüsusən də AŞPA-nın qərəzi nə ilə bağlıdır?

– Bu qərarın verilməsinin bir neçə səbəbi var. Fikrimcə, əsas səbəb Bakının bir neçə gündən sonra keçiriləcək prezident seçkilərinə AŞPA müşahidəçilərini dəvət etməkdən imtina etməsidir.  Amma bu, zahirən belədir.  Ümumiyyətlə, adamda belə bir təəssürat yaranır ki, Aİ Azərbaycana fərqli yanaşır. Bildiyiniz kimi, Fransada Parisin xarici siyasətinə təsir edən güclü erməni diasporu var. Qarabağın geri alınması da Avropada bir o qədər xoş qarşılanmadı.

– Azərbaycana münasibətdə Berlinin xarici siyasətini necə qiymətləndirirsiniz? Sizə elə gəlmirmi ki, Almaniyanın xarici siyasəti, xüsusən də Fransanın çox zəhərli  fəaliyyəti fonunda öz çevikliyini və fərdiliyini itirib?

– Hesab edirəm ki, Berlinin Azərbaycana qarşı xarici siyasəti pisə doğru xeyli dəyişib. Hər halda, bu münasibətləri yaxşılaşdırmaq üçün hər hansı cəhdlərin edildiyi hiss olunmur. Almaniya Xarici İşlər Nazirliyi vəziyyəti obyektiv qiymətləndirmir, əksinə, Ermənistana üstünlük verir. Təbii ki, Almaniya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır, lakin bunun üçün müəyyən real addımlar atmaq lazımdır. Fransaya gəlincə, mən Makronu zəif siyasətçi hesab edirəm. Fransanın fermerlər və miqrantlarla bağlı  daxili problemləri var, ona görə də Fransa prezidentinə məsləhət görərdim ki, daha çox daxili gündəmə diqqət yetirsin. Ümumiyyətlə, indiki avropalı siyasətçilər öz sələflərindən xeyli geridədirlər. Bu, Almaniyaya da aiddir, çünki Olaf Şolz Helmut Kolla müqayisədə çox cılız görünür.

– Berlinin siyasəti ilə bağlı qiymətləndirmənizlə razıyam. Almaniya XİN rəhbərinin Azərbaycana qarşı qərəzli mövqeyini necə izah edək?

– Qeyd etdim ki, indiki Almaniya Xarici İşlər Nazirliyi Baerbokun rəhbərliyi altında bir qədər qərəzlidir. Onun diplomatik təcrübəsi yoxdur, odur ki, ona qarşı böyük iddialar irəli sürmək düzgün olmazdı. Hadisələrin belə cərəyan etməsi onu deməyə əsas verir ki, Azərbaycan Ermənistanla sərhədlərini daha da möhkəmləndirməli, istənilən təxribata hazır olmalıdır. Azərbaycan prezidenti İlham Əliyev də deyir ki, ordu quruculuğu  prosesi davam edəcək.

Lakin Fransanın Ermənistandakı təcavüzkar fəaliyyəti təkcə Azərbaycan üçün problem deyil. Ermənistan üzərində nəzarəti itirən Rusiyanı bu problem daha çox narahat etməlidir. Axı Ermənistan ərazisində Rusiyanın hərbi bazası, sərhədçiləri və digər hərbi infrastrukturları yerləşir ki, bu da Fransa kəşfiyyatının daha çox marağına səbəb olur. Bu, Ermənistanla ümumi sərhədi bölüşən İranda da narahatlıq yaratmalıdır. Yəni Ermənistan-Fransa oyunları bütün region üçün problemdir. Qərb Ermənistandan Azərbaycana, Rusiyaya, İrana və Türkiyəyə qarşı kəşfiyyat körpüsü hazırlayır. Yaxşı, bəs Ermənistanda anlamırlar ki, Fransa onları  hansı oyuna çəkir? Yoxsa İrəvan bu oyunlara razılıq verməklə gözümüzün qabağında dağılan Livanın acınacaqlı taleyindən doğurdanmı xəbərsizdir? Əgər belədirsə, deməli axmaqlıqdır. Amma Ermənistanın düşünməyə az da olsa hələ də vaxtı var.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*