Azərbaycanda əlil şəxslərə qulluq edən minlərlə vətəndaşı maraqlandıran əsas məsələlərdən biri də bu fəaliyyətin gələcək pensiya hüquqlarına necə təsir göstərməsidir. Xüsusilə, dövlət tərəfindən əlil şəxsə baxmağa görə verilən müavinətin pensiya hesablanarkən iş stajı kimi nəzərə alınıb-alınmaması cəmiyyətdə geniş müzakirələrə səbəb olur. Bəs, əlil şəxsə baxmağa görə verilən müavinat pensiya zamanı iş stajı sayıla bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən əmək hüquqları üzrə ekspert Etibar Qarayev bildirib ki, əlil şəxslərə qulluq edənlərə dövlət tərəfindən ödənilən müavinət sosial xarakter daşıyır və bu fəaliyyət əmək fəaliyyəti hesab edilmir. Onun sözlərinə görə, həmin müddət birbaşa əmək stajına daxil edilmir.
“Əmək pensiyası hüququnun müəyyən olunması zamanı təkcə iş stajı deyil, həm də qanunvericiliklə nəzərdə tutulan digər dövrlər nəzərə alınır. Belə ki, iş və digər dövrlərin, eləcə də sosial sığorta stajına daxil edilən müddətlərin məcmusu sosial sığorta stajı hesab olunur və həmin sığorta stajı Əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı stajı nəzərə alınır”.
Etibar Qarayev vurğulayıb ki, “Əmək pensiyaları haqqında” qanunun 21-ci maddəsinə əsasən, orqanizm funksiyalarının 81–100 faizi pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, əlilliyi olan uşaqlara və ahıl şəxslərə qulluq olunması müddəti sosial sığorta stajına daxil edilir.
Beləliklə, əlil şəxsə qulluq müddəti əmək stajı kimi hesablanmasa da, sosial sığorta stajına daxil edildiyi üçün əmək pensiyasının müəyyən olunması zamanı nəzərə alınır.
Aynurə İsmayıl
KONKRET.az

