“Ermənistan cəmiyyətində mövcud qütbləşməni dayandırın. Yoxsa ölkə dərin fəlakətə yuvarlanacaq!
KONKRET.az xəbər verir ki, bu sözləri “Freedom House”un Ermənistanla bağlı fikirlərini şərh edən Sossi Tatikyan bildirib.
Onun sözlərinə görə, nəinki Amerikanın “Freedom House” təşkilatı, ümumiyyətlə, beynəlxalq ictimaiyyət Ermənistanda baş verən proseslərdən narahatdır.

Erməni cəmiyyəti parçalanır, müxtəlif siyasi qüvvələrin təmsilçilərinin bir-birinə olan münasibəti kəskin şəkildə pisləşir. Hakimiyyətlə digər siyasi qüvvələr arasında ünsiyyət dairəsi daralır. Belə bir məqamda təşkilat Ombudsmana dəstək ifadə etməyin vacibliyini vurğulayır.
Sossi Tatikyana görə, təşkilat Ermənistanda vətəndaş cəmiyyətini dəstəkləsə də, xüsusən də demokratik islahatların əleyhdarları tərəfindən hədəf alınan, damğalanan ictimai qurumları qorusa da, bu qüvvələrin ofislərinə edilən hücumları pisləmir, hüquq-mühafizə orqanlarının biganəliyini və hərəkətsizliyini faciə kimi qəbul etmir.
“Ermənistandakı dezinformasiya pik həddə çatıb”, – deyən fəal ictimaiyyətçi Sossi Tatikyan vurğulayıb ki, Ermənistanda siyasi böhranın dərinləşməsi ölkə təhlükəsizliyinə təhdiddir.
Qeyd edək ki, “Freedom House” 10 noyabrda imzalanan atəşkəs müqaviləsindən sonra hökumət başçısına edilən hücumları pisləməklə Ermənistan hakimiyyətini qorumağa çalışır.
Təşkilat Dağlıq Qarabağ münaqişəsindən sonra siyasi böhran şəraitində ölkədəki demokratiyanın, insan hüquqları təsisatlarının və vətəndaş cəmiyyətinin böyük rolundan danışmaqla ikiüzlü olduğunu bir daha əyani şəkildə göstərir.
Amerikadakı bu təşkilat Ermənistan cəmiyyətində mövcud qütbləşməni azaltmaq üçün tərəfləri dialoqa çağırır.
Natiq Səlim,
KONKRET.az
