Bu gün Füzuli rayonunun nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alan şəxslərdən biri ölüb.
Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.
Onun sözlərinə görə, polis və Daxili Qoşunların əməkdaşları öz həyatlarını təhlükəyə ataraq hər tərəfi minalanmış əraziyə daxil olaraq həmin iki vətəndaşın minaya düşdüyü əraziyə gediblər:
“Bu zaman Nuru Nuriyevin artıq həlak olduğunu müəyyənləşib. Onun meyiti ərazidən çıxarılıb. Minaya düşən Elnur Həşimov hər iki ayağını itirib. Polislər onu ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər”.
Qeyd edilib ki, bu gün minaya düşərək həyatını itirən Nuru Nuriyev hələ fevral ayında işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılıb və inzibati qaydada 30 sutka həbs olunub.
***
15:11
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir ki, belə təhlükəli səfərlər də onların minaya düşərək ya həlak olmaları, ya da ömürlük şikəst qalmaları ilə nəticələnir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, bu gün- iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək ağır bədən xəsarəti alıblar.
Hazırda onların hadisə yerindən təhlükəsiz əraziyə çıxarılması üçün polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları və ANAMA-nın mütəxəssisləri tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirlir.
Onu da qeyd edək ki, bu gün minaya düşərək ağır bədən xəsarəti alan Nuru Nuriyev hələ fevral ayında işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılmış və inzibati qaydada 30 sutka həbs olunub.
