ABŞ-nin “Long Island Sharks” komandasının 17 yaşlı yeniyetmə xokkeyçisi Konnor Kasin Nyu-Yorkun Oyster Bay şəhərində xeyriyyə yarışı zamanı faciəvi şəkildə dünyasını dəyişib.
KONKRET.az “The New York Post”a istinadən xəbər verir ki, fasilə zamanı Konnor huşunu itirib və həkimlər gələnə qədər tamaşaçılar idmançıya ilkin tibbi yardım göstəriblər. Amma onun həyatını xilas etmək mümkün olmayıb. Polis araşdırmaya başlasa da, hadisədə cinayət xarakteri aşkar edilməyib. “Long Island Sharks”komandasının məşqçisi Jeff Tempone özünün “Facebook” hesabında bununla bağlı paylaşım edib: “O, bir məşqçi üçün əsl arzu idi. O, oyunu sevirdi. Bu, böyük itkidir. O, yəqin ki, komandada ən yaxşı formada olan oyunçu idi. Həmişə ehtiyat oyunçular skamyasından komanda yoldaşlarını ruhlandırırdı”. Xatırladaq ki, xeyriyyə matçı 2023-cü ildə yol qəzasında dünyasını dəyişən xokkeyçi Sabrina Navarettin xatirəsinə təşkil olunmuşdu.
Vəli Həsənoğlu,
KONKRET.az