Hüseynbala Mirələmovdan tövsiyə: “Gənclərə gərək yorğan-döşəkdə günəş dəyməsin, günəşi yolda, işdə qarşılasınlar”backend

Hüseynbala Mirələmovdan tövsiyə: “Gənclərə gərək yorğan-döşəkdə günəş dəyməsin, günəşi yolda, işdə qarşılasınlar”

“İki romanımın təqdimatı olacaq. Birinin adı “Eşqin rəngləri”dir, ikincisi isə “Ruhum, gözlərini yum” romanıdır”

İyunun 25-də 81 yaşını qeyd edən sabiq deputat, professor Hüseynbala Mirələmov doğum günü ilə bağlı təəssüratlarını bölüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Pravda.az-a açıqlama verən Hüseynbala Mirələmov deyib ki, doğum günü münasibətilə hələ bu gün də təbrik almağa davam edir.

“Bütün dostlarıma, tanışlarıma minnətdaram. Sizi inandırım ki, 25 iyun səhər saat doqquzdan gecə on ikiyə qədər, hətta dünən də, bu gün də zənglərin ardı-arası kəsilmirdi. Dostlar, tanışlar zəng edib təbrik edirlər. Bu məndə çox xoş ovqat yaratdı. Görünür, nəsə var ki, dostlar məni unutmayıblar. “Feysbuk” səhifəmdə yüzlərlə insan məni təbrik elədilər. Hamısına bir cümlə ilə minnətdarlığımı bildirdim. Sağ olun ki, məni yaddan çıxarmamısınız. Ən böyük faciə odur ki, insan yaddan çıxsın. Çox şad oldum, sevindim ki, dostlarım, tanışlarım məni yaddan çıxarmayıblar. Nə üçün, nəyə görə, bunu mən deyə bilmərəm…”, – o deyib.

H.Mirələmov gənclərə bir sıra tövsiyələrini verib və hazırkı məşğuliyyətindən də danışıb: “Allah rəhmət eləsin, atam mənə iki mənəvi sərvət saxlayıb. Birincisi, atam oğullarına, nəvələrinə vəsiyyət edirdi ki, kişiyə, gərək, yorğan-döşəkdə günəş dəyməsin. Yəni kişi, gərək, günəşdən qabaq dursun, işi-gücü ilə məşğul olsun. Atamın vəsiyyətini mən də gənclərə edirəm. Gənclərə gərək yorğan-döşəkdə günəş dəyməsin, günəşi yolda, işdə qarşılasınlar. İkinci nəsihətim budur ki, insan həmişə yaxşı iz qoymalıdır, ədalətli olmalıdır. Bu da mənim bir ağsaqqal kimi nəsihətimdir ki, yaxşı insan olsunlar. Bilirsiniz ki, yaxşı insan olmaq çox çətin məsələdir. Bu, insandan iradə, mərdlik tələb edir. Gərək, dözəsən. Yaxşı olmaq çətindir və əsl kişilər bu zirvəni ötüb keçirlər, zirvəni fəth edirlər. Hazırda əsər yazıram, kitab oxuyuram… Təqaüddə olduğum dövrdən, demək olar, beş altı roman, pyes yazmışam. Çox vaxt qazanmışam və bu vaxtdan səmərəli istifadə edirəm. Gənclik dövrlərimdə çox vəzifələrdə olmuşam. Bu isə yazmağa imkan vermirdi, vaxt dövlət işlərinə gedirdi… Demək olar, son illər beş-altı roman, pyes yazmışam, xeyli yeni əsərlər oxumuşam. Həmçinin orta məktəbdə oxuduğum əsərləri yenidən oxumuşam. Ancaq bununla məşğulam. İyulun 2-də iki romanımın təqdimatı olacaq. Birinin adı “Eşqin rəngləri”dir, ikincisi isə “Ruhum, gözlərini yum” romanıdır. İkinci romanımın adı böyük türk şairi Nazim Hikmətin şeirindəki misra ilə eynidir – “Ruhum, gözlərini yum”. Bu, süni intellektlə bağlı olan romandır. Artıq elan vermişəm, saat üçdə bu iki romanımın təqdimatı olacaq. Bir həftə öncə “Əsmər” adlı sevgi romanını da bitirmişəm. Bir neçə fəslini “Feysbuk”da paylaşmışam. Allahın izni ilə, kitab şəklində çıxacaq, oxucularım, dostlarım kitabı oxuya bilərlər. Hərdən sosial şəbəkədə romanlarımı, romandan fəsilləri qoyuram. Minimum 30-40 min adam oxuyur. Demək olar, on-on beş min adam da rəy yazır. Hamısı müsbət rəy yazırlar. “Feysbuk”a girib baxa bilərsiniz

“.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*