İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışını etdi – YENİLƏNİB + VİDEObackend

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli hava limanının açılışını etdi - YENİLƏNİB + VİDEO

Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

KONKRET.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər.

Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular.

AZAL-ın prezidenti Cahangir Əsgərov dövlət başçılarına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.

O da qeyd olundu ki, hazırda Zəngilan və Laçında beynəlxalq hava limanları tikilir və onların inşası ilə regionun nəqliyyat imkanları daha da genişləndiriləcək.

Daha sonra dövlət başçılarına Cocuq Mərcanlıda açılacaq Suvenir İstehsalı Müəssisəsinin fəaliyyəti barədə məlumat verildi. “Cocuq Mərcanlının İnkişafı” Fondu, “TÜİB” və “TİKA”nın maliyyə dəstəyi ilə yaradılacaq müəssisədə Cocuq Mərcanlı kəndinin 25 sakini işlə təmin olunacaq. Burada hədiyyəlik saxsı qablar, kiçik ölçülü xalçalar, əl işləri və digər məhsullar istehsal ediləcək. Müəssisənin tikintisinə dövlət də öz dəstəyini verib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin operatorluğu ilə şirkət təsis olunub, istehsal avadanlıqları alınıb və istehsalın təşkili üçün Türkiyədən mütəxəssislər cəlb edilib. Bundan əlavə, “TİKA”-nın dəstəyi ilə 15 istixana yaradılıb. 15 ailənin çalışdığı istixanalarda lavanda və bibəriyyə bitkiləri, tərəvəz yetişdiriləcək.

Beləliklə, ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya yenidən həyatın qayıtmasının bariz nümunəsidir. Bu hava limanının istifadəyə verilməsi bölgəyə səfər edənlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verəcək, nəinki Füzulinin, ümumilikdə bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq.

Daha sonra dövlət başçıları söhbət etdilər.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Yaxından çəkin. Əziz qardaşım mənə bu gözəl saatları hədiyyə edib. “Xarıbülbül” təsviri də üstündə.

Prezident Rəcəb Tayyib Ərdoğan: Şuşaya gəlmişdik. Buradan Şuşa yaxındır. “Xarıbülbül” də Şuşanın simvoludur.

Prezident İlham Əliyev: Bəli, çox sağ olun, təşəkkür edirəm.

 

***

14:16

Füzuli Beynəlxalq Hava Limanının açılışı olub.

KONKRET.az xəbər verir ki, mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.

Dövlət başçıları açılışın rəmzi olan lenti kəsiblər.

Daha sonra AZAL-ın prezidenti Cahangir Əsgərov Füzuli Beynəlxalq Hava Limanının simvolik açarlarını İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana təqdim edib.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.

***

13:26

Prezident İlham Əliyev türkiyəli həmkarını hava limanında qarşılayır.

 13:13

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.

KONKRET.az xəbər verir ki, dövlət başçısının təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına enib.

***

12:10
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

KONKRET.az xəbər verir ki, dövlət başçısını Ankaradakı Esenboğa Hava Limanından Ankara valisi Vasip Şahin və digər məsul şəxslər yola salıblar.

R.T.Ərdoğanı səfərdə milli müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit və şəhərsalma naziri Murat Kurum, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın müşaiyət edirlər.

Qeyd edək ki, R.T.Ərdoğanın səfəri Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir. Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olunan Füzuli rayonunda qısa müddətdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.Bundan başqa, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Füzulidə yeni avtomobil yolunun və Zəngilan rayonunda Türkiyənin dəstəyi ilə inşa ediləcək “Ağıllı aqropark”ın təməlini qoyacaqlar.Səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan əlaqələri müzakirə ediləcək, bu münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımlar nəzərdən keçiriləcək. Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, həmçinin regional və beynəlxalq proseslərlə bağlı da fikir mübadiləsi aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*