BMT-nin məlumatına görə, Ukraynada müharibə başlayandan bəri 1,2 milyondan çox insan ölkəni tərk edib. Artıq president Zelenski də xalqa müraciət edərək bütün ukraynalıları ərazilərini müdafiə etməyə çağırıb. Bu qədər insanın öz həyatlarını xilas etmək üçün ölkəni tərk etməsi demoqrafik vəziyyətə də təsirsiz ötüşməyəcək. İndi Ukrayna hökumətini bir sual da düşündürür. Müharibə bitdikdən sonra bu insanlar öz ölkələrinə qayıtmasalar, bu zaman demoqrafik vəziyyət necə olacaq?.
Mövzu ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən politoloq Zaur Məmmədovun sözlərinə görə, ölkəni əsasən qadın və uşaqlar, eyni zamanda xarici ölkə vətəndaşları tərk edir: “Hərbi əməliyyatlar zamanı bu, normal bir proses hesab olunur. Hal-hazırda Rusiya və ABŞ arasında Ukrayna üzərindən öz ambisiyalarını həyata keçirmək prosesi gedir. Bütün bunlar gözlənilən hadisədir. Demoqrafik vəziyyətə gəlincə isə 2014-cü ildən indiyədək minlərlə ukraynalı ölkəsini tərk edib. Avropa İttifaqı ilə Ukrayna arasında viza anlaşmasının mövcudluğu və bu istiqamətdəki yumşalmalar ukraynalıların Qərbə köç etməsinə şərait yaradıb”.

Zaur Məmmədov əlavə edib ki, Ukraynanın cənub və şərq bölgələrindən Qərb istiqamətində, yəni Rumıniya və Moldova sərhədlərinə doğru ciddi şəkildə axın müşahidə edilməkdədir: “Əlbəttə ki, Rusiya raketlərinə tuş gələn dinc vətəndaşlar qorunmaq və həyatlarını xilas etmək üçün bu kimi tədbirlərə əl atmalıdırlar. Bu gün Avropanın mərkəzində faktiki olaraq bir xalqın nümayəndəsinin yurd-yuvasından qaçmasına şahidlik edirik. Bu hadisələr göstərdi ki, hegemon dövlətlər arasında düzgün siyasət qurmağı bacarmaq lazımdır. Çünki nəhəng dövlətlər öz maraqları üçün ən zalım qərarların verilməsindən belə çəkinmirlər”.
Müşviq Tofiqoğlu
KONKRET.az
