İranın Dini Ekspertlər Şurasının üzvü və Ali Rəhbərin İraqdakı nümayəndəsi Ayətullah Seyid Müctəba Hüseyni ölkənin gələcək rəhbərliyinin müəyyənləşdirilməsi ilə bağlı mühüm açıqlamalar verib.
KONKRET.az “Yeni Sabah”a istinadən bildirir ki, Ayətullah Seyid Müctəba Hüseyni Konstitusiyanın 109-cu maddəsinə əsasən, Ali Rəhbər vəzifəsinə uyğun namizədlərin müəyyənləşdirilməsi prosesinin şuranın xüsusi komissiyası tərəfindən daimi olaraq həyata keçirildiyini vurğulayıb.
Həmçinin, o, həmin prosesin müddətinin məlum olmadığını deyib.
Şura üzvü qeyd edib ki, növbəti rəhbər üçün nəzərdə tutulan namizədlərin adları ciddi şəkildə gizli saxlanılır:
“Namizədlərin siyahısı elə bir məxfilik dərəcəsindədir ki, hətta Ekspertlər Şurasının bütün üzvləri bu adlardan xəbərdar deyil. Bu siyahı yalnız Ali Rəhbərin özünə və komissiyanın seçilmiş bir neçə üzvünə məlumdur”.
Seyid Müctəba Hüseyninin sözlərinə görə, seçim prosesində tələskənliyə yol verilmir və əsas diqqət şəxsin elmi (ictihad), siyasi və idarəçilik bacarıqlarına yönəlib. Yeni Ali Rəhbərin seçilməsi prosedurunun nə vaxt yekunlaşacağı və ya konkret hansı müddətdə elan olunacağına gəlincə, o bildirib ki, əvvəlcədən müəyyən edilmiş zaman çərçivəsi yoxdur və proses şəraitə uyğun tənzimlənəcək
Ayətullah Hüseyni həmçinin əlavə edib ki, bu sistemli hazırlıq ölkədə hakimiyyət boşluğunun yaranmaması və İslam İnqilabının prinsiplərinin davamlılığını təmin etmək məqsədi daşıyır.
