Redaksiyamıza ünvanlanan şikayət həllini tapdı: Aidiyyatı qurumlardan OPERATİV REAKSİYA – FOTOLARbackend

Redaksiyamıza ünvanlanan şikayət həllini tapdı: Aidiyyatı qurumlardan OPERATİV REAKSİYA - FOTOLAR

Ölkə başçısının həyata keçirdiyi siyasətin təməlində hər bir Azərbaycan vətəndaşının sosial rifahının və həyat səviyyəsinin yaxşılaşdırılması prinsipi dayanır. Elə bu istiqamətdə də bir çox mühüm addımların atıldığının şahidi oluruq. Lakin bəzən yerlərdəki məmurların səhlənkarlığı və göstərilən etimadı doğrultmaması nəticəsində vətəndaşların incidilməsi hallarına da rast gəlinir. Belə olan halda isə əli hər yerdən üzülən vətəndaş problemini ictimailəşdirmək məqsədi ilə Kütləvi İnformasiya Vasitələrinə üz tutur.

KONKRET.az informasiya portalı olaraq dəfələrlə vətəndaş şikayətlərini həm yazılı, həm də vizual formada işıqlandıraraq yardım etməyə çalışmışıq. Bu dəfə isə redaksiyamıza Ucar şəhərindən ünvanlanan şikayət məktubunu xüsusi həssaslıqla araşdırmaq qərarına gəldik. Çünki İbrahimov Mikayıl Hüseyn oğlu tərəfindən göndərilən məktubda adıçəkilən şəxs qardaşı İbrahimov Şahinin ağır yataq xəstəsi olduğunu vurğulayırdı. Məktubu oxuyarkən məlum oldu ki, 1959-cu il təvəllüdlü Şahin İbrahimov anadangəlmə şikəst doğulub. Buna görə də o, əlil hesab edilib və təqaüd alıb. Hazırda isə Şahin İbrahimov tam iflic vəziyyətində olmaqla hərəkət edə və danışa bilmir. Onda həmçinin, əqli gerilik də müşahidə olunur. Bu barədə bizə yazan isə Şahin İbrahimovun Ucar şəhəri Babək küçəsi ev 6 ünvanında yaşayan qardaşı idi: “Yataq xəstəsi olduğu üçün onu xəstəxanaya müayinəyə apara bilmirik ki, sənədlərini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərsinlər. Bunu isə Ucar rayon Xəstəxanası və 13 saylı Tibbi Sosial Ekspertiza Komissiayası etmək istəmir. Dəfələrlə onlara müraciətlər etsəm də heç bir tədbir görmürlər. Qardaşım ağır xəstə olduğu üçün ailə həyatı qurmayıb. Vaxtilə ona valideyinlərim baxırdı. İndi isə valideyinlərimiz vəfat edib deyə mən və ailə üzvülərimin himayəsindədir”.

Şikayətçinin sözlərinə görə, qardaşı tam hərəkətsizdir və danışa bilmir: “Belə bir ağır yataq xəstəsinin əlilliyinin təkrar təyin edilməməsi qanunsuzluqdur. Gücümüz çatmır deyə onu tualetə apara bilmirik. Buna görə təbii ehtiyacını da yatdığı yerdə ödəyir. Çox acınacaqlı və dəhşətli mənzərədir. Mənim övladım, həyat yoldaşım onun altını təmizləyir və buna görə çox əziyyət çəkirik. Xahiş edirəm aidiyyəti qurumlar nümayəndəsini göndərsin və xəstə müayinə edilsin. Ağır yataq xəstəsi olan qardaşım Şahin İbrahimova əlillik dərəcəsinin təyin edilməsini istəyirik” – Mikayıl İbrahimov göndərdiyi məktubda yazıb.

KONKRET.az olaraq məsələni araşdırmaq üçün aidiyyəti qurumlarla əlaqə saxladıq.

Öncə zəng vurduğumuz Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Agentliyinin mətbuat katibi Gülnar Əzizova bildirdi ki, İbrahimov Şahin Hüseyn oğluna əlilliyi 16.01.2017-ci ildə II dərəcə 5 il müddətinə təyin edilib və qanunvericiliyə uyğun olaraq şəxsin əlillik müddəti 16.01.2022-ci il tarixində başa çatıb: “Daha sonra vətəndaşın əlilliyinin qiymətləndirilməsinə dair Əlillik Altsistemində heç bir forma 88 daxil edilməyib. Şahin İbrahimova dair yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən elektron sistemə göndəriş daxil edildiyi halda, həmin göndərişə əsasən vətəndaşın əlillik vəziyyəti ilə bağlı qanunvericiliyə müvafiq qərar veriləcək. Əlilliyin qiymətləndirilməsi elektron infrastruktur üzərindən səhiyyə müəssisəsləri tərəfindən tərtib edilən forma 88 əsasında, vətəndaş-ekspert ünsiyyəti olmadan həyata keçirilir. Çünki əlillik müddətli və müddətsiz təyin edilir. Sözügedən vətəndaşın əlilliyi müddətli idi və qanunvericiliyin şərtlərinə uyğun olaraq həmin müddət başa çatıb. Bundan sonra rəsmi şəkildə əlilliyin qiymətləndirilməsi üçün müraciət edilməyib. Əgər həmin şəxs özü səhiyyə müəssisəsinə gedə bilmirsə onun üçün Səhiyyə Nazirliyi və ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi şərait yaratmalıdır. Bu bizim səlahiyyətimizdə olan məsələ deyil. Ümumilikdə əlilliyin təyin edilməsi prosesi 50-50 faiz bölünüb”.

G.Əzizova qeyd edib ki, ilkin prosedur qaydaları həyata keçirildikdən və rəsmi müraciət elektorn sistemə göndərildikdən sonra vətəndaşın iştirakı olmadan həmin şəxsin əlilliyini qiymətləndirilməsi ilə bağlı müvafiq qərar verilir: “Əlilliyin qiymətləndirilməsi Nazirlər Kabinetinin qoyduğu qərarlara əsasən həyata keçirilir. Vətəndaş yaxud onun nümayəndəsi müraciət etməsə heç bir halda əlillik təyin etmək olmur. Bütün prosedurlar qanuna uyğun şəkildə aparılır. Prosedurun birinci hissəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin səlahiyyətlərinə aiddir. Daha sonra qərarı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verir. Yəni əlillik mürcaiətləri birbaşa və bütövlükdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətində deyil”.

Daha sonra əlaqə saxladığımız İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova məsələnin araşdırılacağı və məlumat veriləcəyini bildirdi. Elə deyilən kimi də oldu. Qısa müddət ərzində geri dönüş edən Agentlik rəsmisi  problemin araşdırılması məqsədilə “Ucar Rayon Mərkəzi Xəstəxanası” (Xəstəxana) publik hüquqi şəxsi ilə əlaqə saxlanıldığını və vətəndaş Şahin İbrahimovun vəziyyəti barədə məlumat verildiyini bildirdi: “Xəstəxana tərəfindən operativ şəkildə Komissiya təşkil edilərək vətəndaşın ev şəraitində müayinəsi həyata keçirildi. Xəstəxanadan verilən məlumata əsasən vətəndaşın vəziyyəti ilə bağlı aktlaşdırılma aparılacaq. Onun diaqnozu əlilliyin təyininə əsas verdiyi halda sənədləri (Forma – 88) hazırlanaraq Göyçay Rayon Mərkəzi xəstəxanasına göndəriləcək və Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə yerləşdiriləcək. Qeyd edək ki, əlillik dərəcəsinin təyini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Tibbi Sosial Ekspert Komissiyası tərəfindən həyata keçirilir”.

Məlumat üçün bildirək ki, Agentliyin açıqlamasından sonra redaksiyamıza şikayət məktubu ünvanlayan ailə ilə əlaqə saxlayıb, onlarla maraqlanıb-maraqlanmadıqlarını öyrəndik. Mikayıl İbrahimov həqiqətən də Ucar xəstəxanasından həkim gəldiyini və məsələ ilə bağlı müəyyən prosedur qaydaları izah etdiyini bildirdi.

Qeyd edək ki, KONKRET.az-ın araşdırmasından dərhal sonra aidiyyəti qurumlar məsələ ilə bağlı hərəkətə keçib. Agentlik rəsmisi bildirdi ki, sənədlər artıq aktlaşdırılıb: “Növbəti həftənin çərşənbə günü həmin sənədlər Göyçay həkim məsələhəti komissiyasına göndəriləcək. Məsələ ilə bağlı komissiya sədri ilə dnaışılıb. Sənədlər növbəti həftə yəqin ki, sistemə salınacaq. Növbəti mərhələdə işə ƏƏSMN baxacaq”.

Şikayətçi ilə yenidən əlaqə saxladıqda isə o, faktı təsdiqləyərək, artıq komissiya təşkil olunduğunu açıqladı. İnanırıq ki, vətəndaşın probleminə belə tez və operativ reaksiya verən müvafiq qurumların səyi nəticəsində ağır yataq xəstəsi olan Şahin İbrahimovun əlilliyi tezliklə bərpa ediləcək.

Şəbnəm Mehdizadə,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*