Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artıb. Belə ki, noyabrın 5-də 1227 nəfər koronavirusa yoluxub, 667 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 12 nəfər isə vəfat edib. Yoluxmaların sayını azaltmaq üçün dövlət tərəfindən hansı addımlar atıla bilər?
Bununla bağlı KONKRET.az-ın sualını cavablandıran Milli Məclisin Sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev bildirib ki, bütün dünyada koronavirusla bağlı vəziyyət getdikcə pisləşir və yoluxanların sayında artım müşahidə olunur. Ağır xəstələrin və ölənlərin sayı artır. Azərbaycanda da oktyabrın əvvəllərindən başlayaraq yoluxanların sayında mənfi tendesiya başlayıb. Təbii ki, bu, hər birimizi narahat edir. Nəzərə alsaq ki, biz Böyük Vətən Müharibəsi aparırıq. Müharibə ilə bağlı bütün diqqətimiz cəbhəyə yönəlib. Vətəndaşlarımızın da koronavirusa olan məsuliyyəti də azalıb. Təbii ki, vəziyyət vətəndaşları daha ayıq-sayıq olmağa məcbur edir. Dövlət tərəfindən lazım olan bütün tədbirlər görülür. Xəstələrin müayinə və müalicəsi ilə bağlı hələlik heç bir problem yoxdur. Vətəndaşlar da dövlətlə bir məqsədə xidmət edən addımlar atmalıdır. Bu məsələdə əlaqələndirci orqan Operativ Qərargahdır. Hər birimiz Operativ Qərargahın verdiyi tövsiyələrə əməl etməliyik. Vətəndaşlarımızın kifayət qədər məlumatı var. Əgər yaz-yay ayları olsaydı, maariflədirməyə ehtiyac olardı. Bu gün xəstəlik barədə hər bir vətəndaşımızın məlumatı olsa da, məsuliyyəti yoxdur”.
Deputat qeyd edib ki, məsuliyyəti artırmaq üçün müvafiq dövlət orqanları tərəfindən addımlar atıla bilər. Belə ki, açıq havada da maskanın taxılması məcburi ola bilər. Polisə əlavə səlahiyyət verilə bilər ki, açıq havada da insanların maska taxmasına nəzarət etsin və cərimələsin. “Eyni zamanda qapalı yerlərdə sıxlığın aradan qaldırılması üçün də tədbirlər görməliyik. Vəziyyət belə davam edərsə, axşam saatlarında kafe və restoranların fəaliyyətinə məhdudiyyət qoyula və yaxud da maska taxılması və sosial məsafənin qoyulması ilə bağlı tez-tez reydlər keçirilə bilər. O cümlədən yoluxma mənbələrdən biri də avtobuslardır”.
“Metronun işləməməsi ilə bağlı yaranan sıxlığın aradan qaldırılması üçün şəhərlərarası avtobusların sayı artırılmalı və ya elə qrafik qurulmaldır ki, insanlar çox sıx avtobusda oturmaq məcburiyyətində qalmasın. Dövlət tərəfindən bu addımlar atıla bilər. Yoluxmaların sayı belə davam edərsə, yenidən qapadılmaya gedilə bilər. O cümlədən də Bakı şəhərində “sms icazə”yə keçirilə bilər. Bunu heç arzulamıram. Düşünürəm ki, bu, bizim ən son atacağımız addım olmalıdır. Çünki bu rejimə keçilən zaman əmək və istehsalat pozulacaqdır. Həm də sosial yük artacaqdır.
Nəzərə almalıyıq ki, ölkəmizdə müharibə gedir. Ordumuza əlavə vəsait lazım olacaqdır. O cümlədən işğaldan azad olunan torpaqlarımızın bərpası və abadlaşdırılması üçün də xeyli vəsait lazımdır. Ona görə də çalışmalıyıq ki, sosial, iqtisadi və hərbi addımlarımız adekvat olsun. Vətəndaşlarımız bilməlidir ki, bir koronavirus xəstəsinə 10 yaxın tibb işçisi lazım olur.
Yaxşı olardı ki, biz həmin tibb işçilərini cəbhəyə göndərərdik ki, onlar yaralı əsgərlərimə xidmət etsinlər. Nəinki koronavirus xəstələrinə. Biz maariflədirmə işlərini də artırmalıyıq. Televizyalarda yaxşı olardı ki, fərqli-fərqli maarifləndirici video-çarxlar hazırlanmalıdır. Çünki bir-birini təkrarlayan video-çarxların bir xeyri olmur. İnsanlarımız da öz aralarında ictimai nəzarəti artırmalıdır ki, biz bu bəladan qurtula bilək”.
Nərgiz Mirzəyeva,
KONKRET.az
