Ukraynanın “EU Reporter” saytı Taras Kuzionun Fransanın Cənubi Qafqazdakı qərəzli siyasəti ilə bağlı məqaləsini dərc edib.
Həmin materialdan fraqmentləri KONKRET.az oxucularının diqqətinə çatdırırıq.
“Fransanın Cənubi Qafqaza qərəzli münasibəti yeni bir şey deyil. Paris 1992-ci ildən Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarını tapmaq məqsədilə ATƏT-in Minsk Qrupuna Moskva və Vaşinqtonla birlikdə həmsədrlik edir. 30 il ərzində heç bir uğur əldə edilmədi. 2010-cu ildən isə Fransa və ABŞ münaqişəyə öz maraqları çərçivəsində yanaşıblar. İkinci Qarabağ müharibəsindən əvvəlki onillikdə Parisin İrəvana münasibəti Bakını narahat edib. Bunun iki səbəbi var. Birincisi, Fransa və ABŞ-dakı erməni diasporları ilə bağlıdır. İkincisi isə Paris Türkiyəni yox, Yunanıstanı, Azərbaycanı yox, Ermənistanı dəstəkləyir.
Uzun müddət Azərbaycana hərbi yardımdan imtina edən ABŞ da eyni siyasi xətti tutub. Amerika siyasəti yanlış təəssürat yaradır ki, guya münaqişədə günahkar Azərbaycandır. Faktiki olaraq isə bütün dünya bilir ki, Ermənistan beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazilərini işğal edib. Vaşinqtonla Ankara arasında münasibətlərin gərginləşməsi erməni diasporunun lobbiçiliyini artırıb. Fransanın erməni sevgisi İkinci Qarabağ Müharibəsindən sonra Fransa parlamentinin hər iki palatasının Qarabağda erməni separatizmini dəstəklənməsinə səs verdikdən sonra özünü bir daha büruzə verib.
Fransa bu yaxınlarda Rusiyanın hərbi müttəfiqi və iqtisadi tərəfdaşı olan Ermənistana hava hücumundan müdafiə sistemi satıb. Bu ilin əvvəlində Paris Kiyevə analoji “Thales GM 200” sistemi göndərib. Amma Moskva Ermənistanın hava hücumundan müdafiəsinə nəzarət etdiyi üçün bu texnologiyanın Rusiya hərbçiləri tərəfindən öyrənilməsi və hətta Rusiyaya ötürülməsi ehtimalı yüksəkdir. Parisin İrəvanı dəstəkləməsinin təsdiqi Fransanın “Arquus” müdafiə şirkətindən Ermənistana 24 “Bastion” zirehli texnikasının çatdırılması olub. Bu zirehli transportyorların Ukraynaya göndərilməsi ilə bağlı danışıqlar ötən ilin oktyabrından davam edir. Ukraynanın yaşamaq üçün müharibə apardığını hər kəs bilir.
İrəvanın Bakı tərəfindən hədələndiyi barədə bəyanatların isə heç bir əsası yoxdur. Ermənistan Rusiyanın rəhbərlik etdiyi KTMT-nin əsas üzvüdür. İrəvanın isə təşkilatın səmərəsizliyi barədə bəyanatlarına baxmayaraq, qurumdan çıxmağı nəzərdən keçirmir. Fransanın təhlükəsizlik əlaqələri Ermənistanın Rusiya və İrana qarşı siyasətinə ziddir. Fransa, bir çox digər Aİ üzvü kimi, Ermənistanın Avropaya inteqrasiyasını alqışlayır. Ermənistan-Rusiya münasibətlərini bir gecədə dəyişdirməyə çalışan Fransa İrəvana hərbi dəstək verməklə tələsik addım atdı.
Kreml Britaniyanın Aİ-dən çıxmasını dəstəkləsə də, Ermənistanın KTMT və Aİİ-dən çıxmasına icazə verəcəyi inandırıcı görünmür. Görünən odur ki, Fransa bir-birinə zidd siyasət aparır. Bura Ukraynanın ərazi bütövlüyünü bərpa etmək və erməni separatizmini təşviq etmək daxildir. Eyni zamanda, Parisin silah təchizatı dolayısı ilə Moskva və Tehrana Qərb hərbi texnikasına çıxış imkanı verir ki, bu da həm Ukrayna, həm də İsrail təhlükəsizliyinə təhdid yaradır”.
Hazırladı: Vəli Həsənov,
KONKRET.az