Son illər ərzində Leninin basdırılması barədə məsələ kifayət qədər tez-tez müzakirə olunur. Hərçənd Rusiyacəmiyyəti bu barədə yekun fikrə gələ bilməyib. 1924-cü ildə vəfat edən Leninin cəsədi balzamlaşdırılaraq Moskvanın Qızıl Meydanındakı Mavzoleyə yerləşdirilib. Onun cənazəsinin saxlanılmasını təmin etmək üçün isə Rusiya hökuməti küllü miqdarda vəsait xərcləyir. Müharibə şəraitində olan və sanksiyalar məngənəsində boğulan Rusiyaya Leninin cəsədini saxlamaq niyə lazımdır və bu Kremlə nə qazandırır?.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən tarixçi alim Boran Əziz bildirib ki, Leninin cəsədinin saxlanılmasına xərclənən vəsait Rusiyanın vergi ödəyicilərini narahat etməlidir və bu haqda onlar mövqe ortaya qoymalıdırlar: “1920-1991-ci illərdə Marksizm-Leninizm ideologiyası hökm sürürdü. Bu ideologiya özgə millətləri əsarət altına almağa, onların torpaqlarını işğal etməyə yönəlmişdi. Hətta öz müstəqilliyini bərpa etməyə və azadlıqları uğrunda mübarizə aparmağa cəhd göstərən xalqlara qarşı da qətliam törədirdilər. 1918-ci ilin mart soyqırımlarını da buna misal göstərə bilərik. Çünki bu qırğınların əsas təşkilatçısı məhz Lenin başda olmaqla Rusiya Xalq Komissarları Soveti idi. Leninin qəddarlığı təkcə əsarət altına almağa çalışdığı xalqlara qarşı deyildi. Eyni zamanda Rus xalqının özünə qarşı da həyata keçirilirdi. Bunu biz Çar və onun ailəsinin amansızlıqla öldürülməsində də görə bilərik. Həmin dövrün ideologiyasına xidmət etdiyi üçün də Leninin cəsədini saxlayıblar”.

Boran Əzizin sözlərinə görə, Leninin cəsədinin saxlanılması Rusiyanın daxili işidir: “Onun cənazəsinin saxlanılmasının maddi cəhətdən Rusiyaya sərf edib-etmədiyi haqda rus xalqı özü fikir bildirməlidir. Bu, Rusiya vergi ödəyicilərinə doğurdanmı lazımdır?. Sual ətrafında onlar özləri düşünsələr daha doğru olar”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
