Ləzgilərin taleyi azərbaycanlılarla sıx bağlı olub – Bu xalq Azərbaycan üçün hansı fədakarlıqları edib?  – ÖZƏLbackend

Ləzgilərin taleyi azərbaycanlılarla sıx bağlı olub – Bu xalq Azərbaycan üçün hansı fədakarlıqları edib? - ÖZƏL

Tarixi mənbələr ləzgi xalqının taleyinin Azərbaycan və azərbaycanlılarla sıx bağlı oluğunu göstərir. Tarixin əksər dönəmlərində, müstəqil Azərbaycan dövlətlərinin mövcudluğu zamanlarında ləzgilər azərbaycanlılarla eyni dövlətdə təmsil olunublar. Ləzgilərlə azərbaycanlılar arasında qarşılıqlı faydalı təsərrüfat əlaqələrinin mövcud olması səbəbindən onların böyük əksəriyyəti Azərbaycan türkçəsini bilir və sərbəst danışır. 

KONKRET.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyev 1995-ci il fevralın 20-də respublikamızın ləzgi ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib: “Azərbaycan ləzgilər üçün doğma Vətəndir, doğma torpaqdır və onlar heç bir yerdə özlərini bu qədər rahat hiss etmirlər.” Ümummilli liderin uğurlu siyasətini uzaqgörənliklə həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev də, bu sahəyə xüsusi önəm verir və xalqları, mədəniyyətləri sülh, əminamanlıq şəraitində görmək üçün mümkün olan hər şeyi edir. İlham Əliyev “Azərbaycanda bütün millətlərin və xalqların nümayəndələri vahid bir ailənin üzvləri kimi yaşayırlar” – deməklə, ölkəmizdə olan xalqlara öz dəstəyini, sevgisini ifadə edib.

Ləzgilərlə azərbaycanlılar arasında qədim köklərə və ənənələrə malik etnomədəni bağlar, çoxəsrlik mehriban qonşuluq münasibətləri bugünədək davam etməkdədir. Ləzgilərin azərbaycanlılarla ortaq etnomədəni məkanı bölüşməsi, o cümlədən aralarındakı dini birlik bu əlaqələrin daha da möhkəmlənməsinə təbii və əlverişli şərait yaradıb. Bütün müsəlmanlar kimi, onlar da islamda əsas sayılan Qurban və Ramazan bayramlarını keçirirlər. Bununla yanaşı, Bahar bayramı hesab olunan qədim Yaran Suvar bayramı da martın son günlərində ləzgilər tərəfindən qeyd edilir. Öz mahiyyətinə və keçirilmə formasına görə bu bayramın Novruz ilə oxşarlığı çoxdur.

Ləzgi ədəbiyyatının görkəmli nümayəndələrindən olan Yetim Emin, Süleyman Stalski və digər şairlərin yaradıcılığı Azərbaycan və ləzgi xalqlarının sıx əlaqələrinin bariz nümunəsidir. Onlar bir çox əsərlərini Azərbaycan dilində yaradıblar. H.Z. Tağıyevin ən sevimli qonaqlarından olan Həsən Əl-Qədari özünün məşhur “Asari-Dağıstan” əsərini məhz Azərbaycan türkcəsində yazıb. Ölkəmizin aboregen xalqları olan ləzgilər azərbaycanlılarla birlikdə düşmən hücumu təhlükəsi yarananda bir yumruq kimi birləşməklə yadellilərin qarşısına çıxaraq layiqli cavab veriblər. Düşmənlərinə qarşı mübarizədə onları birləşdirən Vətən sevgisidir. Bunu ikinci 44 gün davam edən Qarabağ müharibəsi bir daha sübut etdi. Qarabağın ermənilərdən azad edilməsində ləzgilər də erməni işğalçılarına qarşı müharibədə qəhrəmanlıqlar göstərdi, qanlar tökdü və şəhid verdi. Tehran Mənsimovun Şuşanın azad edilməsində göstərdiyi şücaət tarixə yazıldı.

Bu tarixdə də belə olub. 1905-ci ildə Bakıda ermənilər qırğınlar törədən zaman ləzgilər azərbaycanlılarla birlikdə düşmənə qarşı mübarizəyə qalxdı. Həmin vaxt şəhərin din xadimlərindən biri camaatı qırğından xilas etmək üçün qonşu evlərdə yaşayan ailələri, arvad və uşaqları və habelə qocaları öz evində gizlətmiş və darvazanı bağlamışdı. Bundan xəbər tutan erməni silahlıları Lalayevin heyfini həmin evdə gizlədilən çarəsiz insanları sığındıqları yerlə birlikdə yandırmaqla çıxmaq istəyirdilər. Onlar darvazanı sındıraraq içəri girmək istəyərkən həmin küçədən keçən ləzgi dəstəsi erməniləri məhv edərək camaatı ölümdən xilas edir. “Xülasə, həmin müdafiə günündə ləzgi tayfasının Bakı müsəlmanlarına köməyi çox oldu. Təkcə həmin gün onlardan beş nəfər şəhid oldu”.

Ləzgilərin azərbaycanlılarla birlikdə ermənilərə qarşı mübarizəsi 1918-ci il Quba hadisələri zamanı özünü daha qabarıq şəkildə büruzə vermiş oldu. Həmin ilin əvvəllərində 1 000 nəfərlik dəstə ilə Qubaya gələn David Gelovani və Sturua Sovet hakimiyyətinin qurulduğunu elan etdilər. Sovet hakimiyyətini tanımaq istəməyən ləzgilər silahlanaraq onları Qubadan qovmağa başladı. Bu hadisələr zamanı ləzgiləri qarşılamağa çıxan 27 dinc qubalı da öldürüldü. Xaçmazdan 2 artilleriya qurğusu ilə 150 nəfər erməni dəstəsinin başda Ağacanyan olmaqla Qubaya gəlməsi gərgin atışmalara səbəb oldu. Atışmalarda ləzgilərdən 200 nəfər öldürüldü. Ermənilər bu atışmalarda bütünlükdə yerli dinc əhalinin 70 nəfərinin həyatına son qoydu. Bu hadisədən əvvəl isə Muradyanın (sonralar o, ikinci dəfə bolşeviklərlə birlikdə Qubaya qayıtmışdı) başçılıq etdiyi 2 000 erməni silahlısı qəzada qırğın törətmişdi. Belə ki, özünü rus çarizminin ən yaxın müttəfiqi kimi qələmə verən daşnaksütyun erməniləri cəbhəyə getmək əvəzinə müsəlmanları öldürməklə məşğul olmuşdur.

1918-ci ilin mayın 1-də Quba qəzasına Hamazaspın başçılıq etdiyi 3 000 ermənidən ibarət xüsusi qisasçı dəstə göndərildi. Qubada 10 gün qırğın törətmiş Hamazasp təkcə ilk iki gün ərzində 1700 nəfərdən çox azərbaycanlını, 1200 nəfərdən çox ləzgini, 300 nəfərdən çox tat əhalisini qətlə yetirmiş, Qudyal çayının sahilində 700 nəfər əli silah tutan cavanı güllələmişdi. Bütövlükdəə, iki gündə 3 900 nəfərdən çox müsəlman öldürülmüşdü. Şəhərdə qırğınlar törədən Hamazasp Quba ətrafındakı ləzgi kəndlərində güclü müqavimətə rast gəldi və xeyli əsgərini itirdi. Quba şəhər rəisi Əliabbas bəy Əlibəyovun izahatında göstərildiyi kimi, Hamazasp yerli əhali qarşısındakı çıxışında demişdi: “… Hazırda mənim Digah və Alpan kəndlərində döyüşlərim gedir. Sonra Üçgün və Küsnət kəndlərinə keçərək sizləri odlara yaxacaq və Şahdağa çatacağam. Onda başa düşərsiniz ki, erməniləri öldürmək nə düməkdir.” Onun çıxışında “mənə Şahdağdan Xəzər dənizinədək olan ərazinin bütün müsəlmanlarını məhv edilməsi tapşırılmışdır” fikrinin xüsusi vurğulanması erməni cəlladının xislətini ortaya qoymuş oldu.

1918-ci ilin mayın 18-də Qubanın Digah kəndinin “Qanlı dərə” adlanan ərazisində ləzgilər azərbaycanlılarla birlikdə vəhşi erməni daşnaklarının ölüm hökmünü yazdılar. Yerli silahlı dəstələrə polkovnik Hatəm aga Cağarvi və nüfuzlu din xadimi Möhübəli əfəndi Kuzunvi rəhbərlik edirdilər. Tərəflər arasənda atışmalar mayın 18-də səhər saat 3-4 radələrində başlandı. Ləzgilər və azərbaycanlıların qəfil hücümü erməni daşnaklarını çaşdırmış, onlar döyüş səmtini itirərək, çaşqın halda hara gəldi atəş açırdılar. Tezliklə ermənilərin ön səngərləri ələ keçirildi. Günortaya yaxın əvvəlcədən şərtləşdikləri kimi, Əlibəy Zizikskinin və Ləzgi Məhəmmədin dəstələri də Quba tərəfdən ermənilərə hücüm etdi. Bundan istifadə edən Hatəm ağa və Möhübəli əfəndi hücümu gücləndirdi və erməniləri ikinci mövqelərindən də sıxışdırıldı. Dağıstandan köməyə gəlmiş Əbdurrəhim əfəndinin dəstəsi də döyüşə qoşulanda düşmən dözüm gətirə bilmədi və mövqelərini tərk etməyə məcbur edildi. Hamazasp iki-üç yüz əsgəri ilə dənizə tərəf qaçaraq, hamıdan əvvəl canını qurtardı.

Növbəti dəfə, 1918-ci ilin iyunun 6-da Xaçmaza polkovnik Davidyansın komandanlığı altında 3 000 nəfərlik qoşun gəldi. Ona Quba üzərinə hücuma keçmək üçün xüsusi tapşırıq verilmişdi. Martıkyanın və Popovun hərbi hissələrindən sağ qalmış əsgərlərlə birlikdə Xaçmazda 5 000 nəfərdən çox daşnak-bolşevik hərbi qüvvələri cəmləşmişdi. Lakin Davidyans müxtəlif bəhanələrlə Qubaya hücumu yubadırdı. O, qubalılarla döyüşmək üçün 5-6 min əsgərin kifayət etmədiyini yaxşı anlayırdı. Odur ki, Bakıdan əlavə qüvvələrin gəlməsini gözləyirdi.

Nəhayət, Bakıdan göndərilən 10 000 nəfərlik daşnak-bolşevik qoşunu iyulun 4-də Quba üzərinə yeridildi. Süvari dəstələrə, çoxlu topa və pulemyota malik qoşun güclü müqavimətə rast gəlmədən, kiçik döyüşlərlə şəhəri tutdu. “Qanlı dərə”də döyüşmüş dəstələr Hatəm ağanın tapşırığı ilə yenidən Digah kəndi ətrafında birləşdi və iyulun 6-da Qubanı mühasirəyə aldı. Qanlı döyüşlər başlandı. Bolşevik-daşnak birləşmələri xeyli itki versələr də, onların əsgərləri sayca çox idi və ara vermədən toplardan atəş açırdılar. Ertəsi gün gecə həddən artıq itki verməmək üçün Hatəm ağa, Möhübəli əfəndi və Əbdürrəhim əfəndi silahlı dəstələrini şəhər ətrafındakı mövqelərdən geri çəkdi və Digah kəndi yaxınlığındakı “Dərin dərə” adlanan əraziyə gələrək növbəti döyüşlərə hazırlaşdı. Bunu daşnak-bolşevik qoşunlarının qələbəsi kimi qələmə verən Şaumyan 1918-ci ilin iyulun 9-da V.İ. Leninə belə bir teleqram göndərdi: “İyulun 6-da ləzgilər Qubanı mühasirəyə aldılar: vuruşma 8 saata qədər davam etdi, nəticədə düşmən geri oturduldu və qoşunlarımız Qubanın ətrafındakı mövqeləri tutdular.”

Əslində isə vəziyyət başqa cür idi. Daşnak-bolşevik hərbi birləşmələri “Də­rin dərə” adlanan ərazidə qubalılarla iki həftə dö­yüşmüş, lazımi mövqeləri tuta bil­məmişdi. Çoxlu itki verən bolşeviklər və daşnaklar özlərinin dedikləri kimi, nə “əksinqilabçıların öhdəsindən gəldilər, nə də Sovet hakimiyyətini bərpa edə bildilər”. Onların belə çıxılmaz vəziyyətə düşdüyü bir vaxtda Müşkür nahiyəsində Həsən bəyin, İbrahim bəyin, Mürsəl bəyin və ləzgi Məhəmmədin silahlı dəstələri fəallaşdı və bir neçə dəfə Xaçmaza hücum edərək, işğalçıları böyük itkilərə məruz qoydu. Qubada uğur qazana bilməyən, eyni zamanda Xaçmazda və Dəvəçidə vəziyyətin qənaətbəxş olmadığını görən daşnak-bolşevik başçıları iyulun 25-dən sonra qoşunlarını geri çəkib, qəzadan getməyə məcbur oldular. Tarixə Quba qətliyamı kimi düşmüş bu qırğınlar zamanı erməni daşnakları qəzada 16 mindən çox müsəlmanı qətlə yetirmiş, 167 kəndi dağıtmışlar.

Beləliklə, erməni vampirlərinin Quba qəzasında törətdikləri qanlı qırğınlara qarşı mübarizədə ləzgilər də azərbaycanlılarla bərabər sarsılmaz birliyini nümayiş etdirmiş oldu. Bəli, düşmənə qarşı mübarizədə azərbaycanlılarla ləzgilərin birlikdə nümayiş etdirdikləri qəhrəmanlıqlar, illərlə ört-basdır etdirilərək gizli saxlanmasına baxmayaraq, Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra üzə çıxarıldı və ermənilərin iç üzünü açmış oldu.

Natiq Səlim,

KONKRET.az

P.S Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusuna uyğun olaraq dərc edilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*