Göy məscidin sirri: Sultanın ambisiyaları dünyaya memarlıq şah əsəri bəxş etdibackend

Göy məscidin sirri: Sultanın ambisiyaları dünyaya memarlıq şah əsəri bəxş etdi

İstanbulun hər il milyonlarla turistin ziyarət etdiyi Sultan Əhməd məscidi – daha çox Göy məscid kimi tanınan tarixi abidə hakimiyyət uğrunda mübarizə, dini mübahisələr və gənc sultanın böyük ambisiyaları ilə bağlı dramatik tarixə malikdir.

KONKRET.az xəbər verir ki, məhz bu amillərin vəhdəti İslam memarlığının ən məşhur şah əsərlərindən birinin yaranmasına səbəb olub. Məlumata görə, Göy məscid 1609–1616-cı illərdə Sultan I Əhmədin əmri ilə inşa edilib.

“Bu məscid tikilən dövrdə İstanbul o qədər də sıx məskunlaşmış şəhər deyildi”, deyə tarixçi və səyyah-yazıçı Saffet Əmrə Tonquç bildirib.

Gələcək hökmdar taxta cəmi 13 yaşında çıxmışdı. Tarixçilərin sözlərinə görə, möhtəşəm məscidin tikintisi yalnız dini deyil, həm də siyasi məqsəd daşıyırdı. Gənc sultan öz nüfuzunu möhkəmləndirmək və tarixdə iz qoymaq istəyirdi.

Qalmaqala səbəb olan ambisiyalar

Memar Sedefkar Mehmet Ağa Osmanlı və Bizans memarlıq ənənələrini birləşdirən möhtəşəm tikili layihələndirib. Bununla belə, ən böyük mübahisəyə məscidin ənənəvi dörd deyil, altı minarəyə malik olması səbəb olub.

Həmin dövrdə yalnız İslamın ən müqəddəs məscidi olan Məkkədəki Məscidül-Həramın altı minarəsi var idi. Bu isə müxtəlif söz-söhbətlərin yayılmasına səbəb olub.

“İnsanlar şayiələr yaymağa başladılar. Onlar deyirdilər ki, bu sultan özünü Məhəmməd peyğəmbərlə bərabər tutur”, deyə Tonquç qeyd edib.

Ən məşhur rəvayətlərdən birinə görə, qalmaqalı səngitmək üçün sultan Məkkədəki məscid üçün yeddinci minarənin tikintisini maliyyələşdirib.

Məscid niyə Göy məscid adlanır?

Məscid məşhur adını interyerinə görə qazanıb. Daxili hissə 20 mindən çox İznik keramik plitəsi ilə bəzədilib. Bu plitələrdə mavi çalarlar üstünlük təşkil edir və İslam ənənəsində səmanı, mənəviyyatı simvolizə edir.

İçəriyə işıq 260 pəncərədən daxil olur, onların əksəriyyəti vitrajlarla bəzədilib. Nəhəng çilçıraqlar əvvəllər yağ lampaları ilə işıqlandırılırdı. Maraqlı məqamlardan biri də odur ki, onların altındakı şüşə qabların içərisində bu gün də dəvəquşu yumurtaları görmək mümkündür. Hesab edilir ki, onlar hörümçəkləri uzaqlaşdırır.

İstanbulun rəmzi

Yaranma tarixinin dramatik olmasına baxmayaraq, Göy məscid bu gün də İstanbulun əsas simvollarından biri olaraq qalır. O, fəaliyyət göstərən ibadət məkanıdır və burada hər gün beş vaxt namaz qılınır.

Eyni zamanda məscid Türkiyənin ən məşhur turistik məkanlarından biridir.

2023-cü ildə məscid 400 ildən artıq tarixində həyata keçirilən ən genişmiqyaslı bərpa işlərindən sonra yenidən ziyarətçilərin üzünə açılıb. Altı il davam edən restavrasiyadan sonra məscid altı minarəsi, 13 möhtəşəm günbəzi və onu dünyada məşhur edən mavi interyeri ilə turistləri heyran etməyə davam edir.(qaynarinfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*