Rusiya neftinin ABŞ və xüsən də Avropa Birliyi ölkələrinə ixrac edildiyi məlumdur. Ukraynaya hücuma görə Qərbin sanksiyaları ilə üzləşən Rusiya daha bir çətinliklə qarşılaşa bilər. Belə ki, ABŞ Rusiya neftindən tam imtina üçün Venesuelaya müraciət edib. Artıq Maduro Rusiyadan alınan neftin konpensasiya edilməsi üçün ABŞ-a “qara qızıl” ixracını həyata keçirməyə razılıq verib. Avropa ölkələrinin Rusiya neftindən asılılığı çox olduğu üçün Qərbə daha böyük bazar lazımdır və bu, İran ola bilər. İranın Rusiyanı “arxadan vuraraq” Avropa Birliyi ölkələrinə neft satıb-satmayacağı isə sual altındadır. Əgər bu baş verərsə Rusiya-İran münasibətlərinə necə təsir edə bilər?.
Mövzunu KONKRET.az-a politoloq Əhəd Məmmədli şərh edib. O bildirib ki, ABŞ Rusiyadan çox az miqdarda neft alır. Bundan imtina Rusiya üçün böyük bir itki olmayacaq: “Nəzərə alaq ki, Rusiya onsuz da keyfiyyətli neft istehsal etmir. Onun əsas qazanc mənbəyi qazdan gələn gəlir hesabınadır. Qazdan isə Avropa imtina etmək fikrində deyil. Makron çıxışında da bildirdi ki, Rus qazından imtina Avropanın gələn il soyuqdan məhv olması deməkdir. Avropanı isə Rusiya kimi heç bir ölkə qazla təmin edə bilməz. Norveç və Qətər bu gücdə olmadığını açıq bəyan etdi. Ona görə də, az miqdarda neftdən imtinanın Rusiya üçün ciddi problem yaradacağını düşünmürəm. Venesuela və İranın hansı addımı atacağı isə onların dövlət maraqlarına bağlıdır. Maduronu diktator hesab edən ABŞ niyə indi Venesueladan neft almaq istəyir?. Ola bilər ki, sabah İran da Avropaya neft satsın. Avropa-İran münasibətləri (xüsusən Almaniya və Fransa ilə) həmişə yaxşı olub. Mümkündür ki, bu münasibətlər daha da dərinləşsin. Bütün bunlar siyasətin tərkib hissəsidir. Azərbaycan da bu reallıqlardan özünə nümunə götürməlidir”.

Politoloq əlavə edib ki, Ukraynada müharibə uzansa bu, Rusiya iqtisadiyyatına ciddi təsir edə bilər: “Müharibə Rusiyanın xeyirinə bitsə, o zaman sanksiyalar yavaş-yavaş aradan qalxacaq və münasibətlər düzələcək. Bu, müharibənin gedişatından asılıdır. Rusiya-İran münasibətlərinə gəlincə isə, siyasətdə duyğulara qapılmaq olmaz. İran Avropaya neft ixrac etsə belə, Tehran və Moskva arasında münasibətlər davam edəcək. Sabah da məqam tapan kimi Rusiya və İran Qərbə qarşı birləşəcək. Yəni bu siyasətdir. Maraqlar haradadırsa, münasibətlər də oradadır”.
Müşviq Tofiqoğlu
KONKRET.az
