Tədqiqatçılar Marsda səs sürətinin Yerdəkindən daha yavaş olduğunu müəyyən edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Nature” jurnalında dərc edilən araşdırmada bildirilib.
Alimlər NASA-nın kəşfiyyat aparatı “Perseverance”nin 2021-ci il fevralın 19-da Marsda qeydə alıdığı səsləri araşdırıb.
Tədqiqatçılar Marsda səs sürətinin Yerdən saniyədə 100 metr daha yavaş olduğunu və iki fərqli səs sürətini müəyyən ediblər.
Marsda yüksək və alçaq səs sürətlərinin bir-birindən fərqli olduğunu bildirən alimlər, planetdəki bənzərsiz səs mühitinin atmosfer səthinin aşağı təzyiqindən qaynaqlandığına diqqət çəkiblər.
Qeyd edək ki, NASA-nın Kaliforniyadakı “Jet Propulsion” laboratoriyasında qurulan və plutonium yanacağı ilə işləyən “Perseverance Rover” 30 iyul 2020-ci ildə buraxıldıqdan təxminən 7 ay sonra, 18 fevral 2021-ci ildə Marsa enib.
Marsa göndərilən ən qabaqcıl texnoloji xüsusiyyətlərə malik olan “Perseverance”nin “Qırmızı Planet”dəki yeni missiyasının həyata keçirilməsi üçün infrastruktur işlərinə 2,4 milyard dollar, enişi mümkün edən sistemə isə 300 milyon dollar xərclənib .
İqbal Rzayev,
KONKRET.az
