Mehdiabad qəsəbəsində elektrik enerjisinin verilişində yaranan problem sakinlərin ciddi narazılığına səbəb olub.
Sakinlərin sözlərinə görə, qəsəbədə bir ay ərzində artıq 8-ci dəfədir elektrik enerjisi kəsilir. Bəzi hallarda işıqlar 7-8 saat, hətta bir gün və daha çox müddətə sönür.
Bu dəfə isə vəziyyət daha təhlükəli olub. Elektrik enerjisinin kəsilməsi nəticəsində işıqforlar da işləməyib, küçələr qaranlığa qərq olub. Bu isə həm sürücülər, həm də piyadalar üçün təhlükəli vəziyyət yaradıb.
Elektrik kəsintilərindən ərazidə fəaliyyət göstərən kiçik sahibkarlar da ciddi zərər çəkirlər. Mağazalar, bərbərxanalar və digər obyektlər elektrik olmadığı üçün fəaliyyətlərini normal davam etdirə bilmirlər.
Sakinlər bildirirlər ki, yaranmış problemin həlli ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, vəziyyət dəyişmir.
“Evində xəstəsi olan var, iş yerindən çörək qazanan var. Küçələr qaranlıqdır, işıqforlar işləmir. Daha kimə müraciət edək?” – sakinlər narazılıqlarını bildiriblər.
Azərişıq ASC-dən KONKRET.az-a verilən açıqlamada isə bildirilib ki, Mehdiabad qəsəbəsində yeni tikililər, əhalinin artması və anomal isti hava nəzərə alınaraq elektrik şəbəkələrində planlı təmir işləri aparılır.
Bu zaman isə elektrik enerjisinin verilişində planlı fasilələr tətbiq olunur. Görülən işlərin əsas məqsədi abonentlərin daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasıdır.
Amma sakinlərin sualı hələ də açıq qalır:
Bu təmir işləri haçan başa çatacaq və Mehdiabad nə vaxt fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq?
KONKRET.az
