Başqırdıstan Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Aynur Birqalin üzünü tamamilə və ya qismən gizlədən dini geyimlərin geyinilməsini qadağan edən qanun layihəsinə qarşı çıxıb.
KONKRET.az xəbər verir ki, onun fikrincə, qanun qəbul olunarsa, müsəlmanların hüquqları pozulacaq və ölkəmizdə din azadlığına ciddi maneə olacaq.
“Dini geyimlərin geyinilməsinin qadağan edilməsi dini göstəriş və ənənələrə əməl edən müsəlmanların hüquqlarını pozur. Dini geyim bir çox müsəlmanın dini və mədəni kimliyinin ayrılmaz hissəsidir. Əminəm ki, hökumət orqanları hər bir insanın dini mənsubiyyətini sərbəst ifadə etmək hüququna hörmət etməlidir”, – Birqalin bildirib.
Müfti vurğulayıb ki, hicab taxmaq qadağan edilməməlidir, amma qara rəngli niqab qadağasının əleyhinə deyil. Vacib olan odur ki, baş, qol və ayaqları örtən hicabdır. Bəli, bizə niqab lazım deyil, bunu bütün müftilər deyib”, – Birqalin əlavə edib.
Müfti təklif olunan qanun layihəsi ilə bağlı dərin narahatlığını ifadə edib. Sənəddə rayonlara və bələdiyyələrə ictimai yerlərdə və təhsil müəssisələrində üzü qismən və ya tamamilə gizlədən geyimlərin geyinilməsi ilə bağlı öz qadağalarının müəyyən edilməsinə icazə verilməsi təklif edilir. Birqalinin fikrincə, bu fikir vətəndaşların əsas konstitusiya hüquqlarına, xüsusən də dini etiqad azadlığına ziddir. Bundan əlavə, məhdudiyyətlər cəmiyyətdə ksenofobiyanın artmasına səbəb ola bilər.
Günel Mikayılova,
KONKRET.az