“ABŞ Ukraynanı “Dəmir qübbə” ilə örtə bilməz, lakin hərbi yardımın genişləndirilməsini nəzərdən keçirməyə davam edəcək”.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Senatda Ukrayna ilə bağlı dinləmələrdə detyib. O bildirib ki, Ukrayna ərazisində “Dəmir qübbə” hava hücumundan müdafiə sisteminin yaradılması mühüm çətinliklərlə bağlıdır.
Bir senatorun bununla bağlı sualına cavab olaraq Nuland izah edib ki, “Dəmir qübbə”nin yerləşdirilməsi çətin ola bilər, çünki onun yerləşdirilməsi hazırlıq və bacarıq tələb edir.
Eyni zamanda, onun sözlərinə görə, digər hava hücumundan müdafiə sistemlərindən istifadə imkanları da nəzərdən keçirilir.
“Dəmir qübbə” sistemi İsraildə quraşdırılıb və səmərəli şəkildə istifadə olunur.
Nuland qeyd edib ki, ABŞ Ukraynaya hərbi yardımın genişləndirilməsi və Rusiya Federasiyasına qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırmaqda davam edir.
O, ABŞ-ın “Rusiyaya iqtisadi təzyiqi davam etdirməli olduğunu” vurğulayıb.
Xüsusilə, o, “Şimal axını 2” qaz kəməri layihəsinə toxunub və bildirib ki, “Şimal axını 2” hazırda ölüdür və onu “dənizin dibindəki metal yığını” ilə müqayisə edib.
“Bu layihənin nə vaxtsa yenidən canlanacağını düşünmürəm”, – deyə diplomat vurğulayıb.
Nuland həmçinin bildirib ki, ABŞ Rusiyanı Amerikanın terrorizmə sponsorluq edən dövlətlər siyahısına daxil etməyi “düşünməlidir”.
Xuraman Etibarlı,
KONKRET.az
