Partiya sədrindən sabiq deputata qarşı torpaq iddiası – “Rəsul Quliyev mənə bağışlayıb”backend

Partiya sədrindən sabiq deputata qarşı torpaq iddiası – “Rəsul Quliyev mənə bağışlayıb”

Hazırda Amerikada yaşayan sabiq spiker Rəsul Quliyevə yaxınlığı ilə tanınan Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu keçmiş deputat Hacı Qalib Salahzadənin mülkiyyətində olan torpaq sahəsinin ona məxsus olduğuna dair iddia qaldırıb.

Ağasif Şakiroğlu bildirib ki, Bakının Bilgəh qəsəbəsi ərazisində olan torpaq sahəsi Rəsul Quliyevə məxsusdur və bu ərazini ona bağışlayıb. Gənc partiya sədri Hacı Qalibdən ərazini boşaltmasını və içərisində 8 ədəd ev olan torpaq sahəsini ona verməsini tələb edib.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı teleqraf.com-a açıqlama verən keçmiş deputat Qalib Salahzadə qeyd edib ki, Rəsul Quliyevə yaxın adamlar zaman-zaman torpaq məsələsini qaldırırlar, amma heç nə əldə edə bilmirlər.

Bəs problem haradan qaynaqlanır? Sözügedən ərazi kimə aiddir?

Q.Salahzadə bildirir ki, 40 ilə yaxındır o bağda yaşayır: “1995-ci ildə Bakı şəhərinin keçmiş meri Rafael Allahverdiyevlə Prezident Administrasiyasının İşlər İdarəsinin müdiri Akif Muradverdiyev arasında mübahisə olmuşdu. O zaman Rafael Allahverdiyev prezidentə yanlış məlumat vermişdi ki, guya mənim bağımda evlər yoxdur. Akif Muradverdiyev isə demişdi ki, orada Hacı Qalibin irili-xırdalı 8 ədəd evi var. O evlər indi də durur. Burada müxtəlif şəxslərin adına 30 kvadrat metrlik də ev var, 200 kvadrat metrlik də. Mərhum prezident bu mübahisəni aydınlaşdırmaq qərarına gəlmişdi. Heydər Əliyevin yaxınlıqda bağı vardı. Yay ayları idi, mən də bağda idim. Bir də gördüm Heydər Əliyev ətrafındakı insanlarla birlikdə bağa gəldi. Aləm dəydi bir-birinə. Açıq deyəcəm, mən kənara çəkildim ki, çox da gözə girməyim. Gəldilər bağa baxdılar və getdilər. Fatma Abdullazadə, Akif Muradverdiyev və yaxınlıqda yaşayan Qəhrəman kişi bu hadisənin canlı şahidləridirlər. Sonra akademik Cəlal Əliyev mənə dedi ki, Heydər Əliyev bu bağı sənə bağışladı. Bu hadisə 1995-ci ildə olub. İndi 26 ildən sonra Ağasif adlı cavan oğlan gəlib deyir ki, bu torpaqlar Rəsul Quliyevindir və torpaqları ona bağışlayıb. Mən sizə həqiqəti deyim. Əslində Rəsul Quliyevə 60 sot torpaq sahəsi verilmişdi. Həmin ərazini Bakının keçmiş meri Rafael Allahverdiyev Rusiya səfirliyinə verib. Xəritə, order var. Mənim 12 qohumumun da adına olan torpaq sahələri səfirliyə verilib. İndi biz səfirliyə deyə bilmərik ki, torpaqları bizə qaytar…”.

Q.Salahzadə qeyd edib ki, Sabunçu rayonu məhkəmə qərarları icraçıları Rəsul Quliyevin yaxınlarının dediklərinə əməl edir: “Mənimlə danışanda deyirlər ki, bu yuxarıdan göstərişdir. Soruşuram ki, göstəriş verən kimdir? Adı, soyadı necədir? Bəlkə bunların “yuxarı” dedikləri elə Rəsul Quliyevin özüdür, ABŞ-dan göstəriş verir…”.

Sabiq deputat onu da bildirdi ki, bağ evinin vərəsələri məsələnin araşdırılması üçün müvafiq qurumlara müraciət ediblər: “Xahiş etmişik ki, məsələ ilə bağlı Dövlət Əmlak Komitəsindən mütəxəssis təyin edilsin və iddia olunan torpaq sahəsinin yeri, hüdudları müəyyənləşsin. Mən də öz növbəmdə məsələ ilə bağlı iki məhkəmə iddiası qaldırmışam”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*